AMB: Rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə yeni normativ tələblər hazırlanır
- 20 noyabr, 2025
- 12:09
Azərbaycanda rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə yeni normativ tələblər hazırlanır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, ölkədə artan rəqəmsal fırıldaqçılıq hallarının qarşısının alınması üçün banklar və ödəniş təşkilatları üzrə vahid tələblərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb.
"Bu sahədə tələblərin hazırlanmasına artıq başlanılıb və yeni çərçivə rəqəmsal təhlükəsizliklə bağlı tənzimləmələrin daha da gücləndirilməsini nəzərdə tutur. Keçən il informasiya təhlükəsizliyi üzrə tələblər qüvvəyə mindi. Bu gün isə rəqəmsal fırıldaqçılığa qarşı mübarizə sahəsində ayrıca tələblərin hazırlanması artıq zərurətə çevrilib", - deyə AMB rəsmisi qeyd edib.
Onun sözlərinə görə, yeni tələblərdə bir sıra əsas istiqamətlər nəzərdə tutulacaq: "Bunlara rəqəmsal fırıldaqçılığa qarşı xüsusi komandanın yaradılması, onun hansı strukturun tərkibində fəaliyyət göstərəcəyi və maraqların toqquşmasının qarşısının alınması daxildir".
E.Cuvarov əlavə edib ki, biznes fəallığı, informasiya təhlükəsizliyi və müştəri təcrübəsi balanslı şəkildə qorunmalıdır: "Burada əsas məqsəd balansın düzgün qurulmasıdır. Nə biznes prosesi zərər görməli, nə də müştəri məmnuniyyəti aşağı düşməlidir. Eyni zamanda, rəqəmsal təhlükəsizlik də kifayət qədər güclü olmalıdır. Yeni tələblər beynəlxalq təcrübəyə əsaslanacaq və bankların riskləri daha effektiv şəkildə idarə etməsinə şərait yaradacaq".