XİN rəhbəri: Paris Ukraynada ədalətli və davamlı sülhə çağırır
- 20 noyabr, 2025
- 14:27
Fransa Ukraynada ədalətli sülhün tərəfdarıdır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Xarici Məsələlər Şurasının iclasından əvvəl bildirib.
"Ukraynaya gəlincə, biz sülh istəyirik. Biz hər kəsin suverenliyinə hörmət edən ədalətli sülh istəyirik. Biz Rusiyanın istənilən yeni təcavüzünün qarşısını almaq üçün zəruri təminatlarla müşayiət olunan davamlı sülh istəyirik. Sülh təmas xəttində atəşkəslə başlamalıdır və bu, ərazilər və təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlamağa imkan verəcək. Görürük ki, bu gün sülhə gedən yolda maneə məhz Rusiyadır", - o, jurnalistlərə bildirib.
J.Barro dəmir yolundakı partlayışlarla əlaqədar Polşa ilə həmrəyliyini bildirərək araşdırmanın baş verənlərə görə Rusiyanın məsuliyyət daşıdığını müəyyənləşdirəcəyinə əminliyini ifadə edib.
Nazir həmçinin təzminat krediti barədə qərarın ilin sonuna qədər təsdiqlənəcəyinə, həmçinin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin və "kölgə donanması"na qarşı tədbirlərin hazırlanacağına ümidvar olduğunu deyib.
"Xatırladım ki, bu gün ABŞ-nin Rusiyanın iki ən böyük neft şirkətinə - "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyaların tətbiqi barədə qərarları qüvvəyə minir", - o əlavə edib.