ADB mürəkkəb infrastruktur məsələlərinin həllində Azərbaycana dəstək göstərməyə hazırdır

Maliyyə
  • 23 sentyabr, 2025
  • 12:18
ADB mürəkkəb infrastruktur məsələlərinin həllində Azərbaycana dəstək göstərməyə hazırdır

Asiya İnkişaf Bankı (ADB) böyük infrastruktur və enerji layihələrinin həyata keçirilməsində Azərbaycana ekspert və maliyyə dəstəyi göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun(AIIF 2025) 2-cü günündə bildirib.

"Biz ölkələr və regionlar qarşısında duran çox mürəkkəb çağırışlarla üzləşirik. Cənub-Şərqi və Cənubi Asiyada özəl sektor investisiyaları, dövlət-özəl tərəfdaşlığı layihələri ilə bağlı təcrübəmizdən istifadə edərək, uğurla sınaqdan keçirilmiş həlləri Azərbaycan da daxil olmaqla region bazarlarına köçürürük. Məsələn, tələbin artması şəraitində enerji şəbəkələrinin inteqrasiyası və az inkişaf etmiş ölkələrin milli və ya regional şəbəkələr yaradaraq enerji çatışmazlığı ilə üzləşən dövlətləri enerji ilə təmin edə bilməsi məsələlərini nəzərdən keçiririk", – S.Durrani-Camal qeyd edib.

Onun sözlərinə görə, ADB hərtərəfli dəstək təklif etməyə hazırdır: texniki ekspertiza - 152 milyard ABŞ dolları məbləğində zəmanətli kapital, müxtəlif şəraitlərdə – quraqlıqdan geosiyasi dəyişikliklərə qədər 60 ildən çox iş təcrübəsi.

"Biz bu prosesdə sizə kömək etmək üçün buradayıq. Biz ən mürəkkəb layihələrin həyata keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq", – nümayəndəliyin rəhbəri vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti