BMT: Bu il qlobal iqtisadi artım səviyyəsinin 2,6%-ə qədər azalacağı gözlənilir
- 03 dekabr, 2025
- 04:09
Artan maliyyə dəyişkənliyi və geosiyasi qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın 2025-ci ildə 2,6%-ə qədər azalacağı gözlənilir.
"Report"un məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında deyilir.
Vurğulanıb ki, qlobal iqtisadi artım 2024-cü ildəki 2,9%-dən 2025-ci ildə 2,6%-ə qədər zəifələyəcək, çünki qlobal ticarət və investisiyalar maliyyə dəyişkənliyi və geosiyasi qeyri-müəyyənlik səbəbindən artan təzyiqlə üzləşirlər.
"Maliyyə bazarlarında baş verən dəyişikliklər qlobal ticarətə real iqtisadi fəaliyyət qədər demək olar ki, güclü təsir göstərir. Bu arada, qlobal ticarət 2025-ci ilin əvvəlində təqribən 4% artıb ki, bunun da bir hissəsi tarif dəyişiklikləri ərəfəsində daha sürətli idxal hesabına baş verib. Qlobal ticarətin 90%-dən çoxu bank maliyyələşdirməsindən asılıdır".
Qeyd olunub ki, dollar likvidliyi və transsərhəd ödəniş sistemləri də beynəlxalq ticarət fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir: "Maliyyə kanallarından bu dərin asılılıq ticarəti qlobal maliyyə və pul şərtləri ilə sıx əlaqələndirir. Məsələn, əsas maliyyə mərkəzində faiz dərəcələrində və ya investor əhval-ruhiyyəsində dəyişikliklər bütün dünyada ticarət həcminə təsir göstərə bilər".
BMT xəbərdarlıq edib ki, kredit əldə etmək imkanının məhdud olduğu inkişaf etməkdə olan ölkələrdə bu cür maliyyə təzyiqi başqa cür həyata keçirilə bilən ticarətə xələl gətirə bilər.
Bununla belə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının inkişaf etmiş ölkələrin iqtisadiyyatını əhəmiyyətli dərəcədə üstələyərək 4,3% artacağı proqnozlaşdırılır.