Rəhman Hümmətov: "Son 20 ildə Azərbaycanda nəqliyyata yatırımlar 18 dəfə artıb
- 22 oktyabr, 2025
- 13:09

Son 20 ildə Azərbaycanın nəqliyyat sektorunda əsas kapitala investisiyalar 18 dəfə artıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin yeganə əvəzolunmaz ölkəsidir: "Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan fəallığının əsasını həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri təşkil edir. Buraya Bakı-Tbilisi-Qarşı dəmir yolu xətninin qurulması, Ələt Beynəlxalq Dəniz Limanının inşası və hazırda onun ikinci faza çərçivəsində genişləndirilməsi, avtomobil və dəmir yollarının inşası, həmçinin gəmçilik və xüsusilə də aviasiya, hava daşımalar üzrə infrastrukturun modelləşdirilməsi daxildir. Bütün bunlar Azərbaycanın iqtisadi suverenliyinin infrastruktur dayaqlarını formalaşdıran əsas layihələrdir".
O qeyd edib ki, 2024-cü ilin sonuna Azərbaycan üzərindən keçən tranzit həcmi 14,5 milyon ton təşkil edib, bu da 2023-cü illə müqayisədə 8,4 %-lik artım deməkdir: "Son 5 ildə bu istiqamətdə artım 2,5 dəfə olub. Son 20 ildə nəqliyyat sektorunda məşğulluq 2 dəfədən çox, orta aylıq nominal əməkhaqqı 13,5 dəfə. Əsas kapitala investisiyalar isə 18 dəfə artıb. 2024-cü ildə nəqliyyat sektoru 14,1 % artaraq, ÜDM-in 7 %-ni, informasiya və rabitə sektoru isə 11,4 % artaraq, ÜDM-in 1,9 %-ni təşkil edib".