Dünya çempionu olan güləşçi: "Qələbəmi müzəffər Azərbaycan ordusuna və şəhidlərimizə həsr edirəm"

Fərdi
  • 22 oktyabr, 2025
  • 15:49
Dünya çempionu olan güləşçi: Qələbəmi müzəffər Azərbaycan ordusuna və şəhidlərimizə həsr edirəm

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qazandığı qızıl medalı Müzəffər Azərbaycan ordusuna və şəhidlərə həsr edib.

Bunu"Report"a açıqlamasında idmançı özü deyib.

O, mundiala qızıl medal qazanmaq üçün qatıldığını bildirib:

"Məşq proseslərində yarışa ciddi hazırlaşırdım. Şükürlər olsun ki, əziyyətimin bəhrəsini gördüm. Azərbaycan Himnini səsləndirdiyimə və bayrağımızı ucalara qaldırdığıma görə çox sevinirəm. Bu, mənim 23 yaşadək güləşçilər arasında son yarışım idi. Bağlanışı çox gözəl etdim. İnşallah, uğurlarımın davamını böyüklər arasında yarışlarda da gətirəcəyəm. Məni qələbəyə səsləyən hər kəsə təşəkkürümü bildirirəm. Qələbəmi müzəffər Azərbaycan ordusuna və şəhidlərimizə həsr edirəm".

Qeyd edək ki, Ziya Babaşov mundialın final görüşündə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti