"Şamaxı" klubu Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək
- 22 oktyabr, 2025
- 15:34

Misli Premyer Liqasının VIII turunda "Kəpəz"lə matçda yaşananlara görə ümumilikdə 4500 manat cərimələnən "Şamaxı" klubu Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.
Bunu "Report"a klubun mətbuat katibi Yusif Hüseyn deyib.
Klub rəsmisi həmçinin geyim məsələsi ilə bağlı klub daxilində müzakirə aparılmadığını bildirib:
"Abdullahi Şuaybu ilə bağlı apellyasiya şikayəti olmayacaq. Geyim məsələsi ilə bağlı klub daxilində müzakirə aparılmayıb. Çünki komanda hər zamankı kimi eyni formada dəhlizdə düzülmüşdü. Hakimlərin xəbərdarlığından sonra problem komanda paltardəyişmə otağına qayıtmadan, elə yerindəcə həll olundu. Həmin gün Peşəkar Futbol Liqası tərəfindən iki futbolçumuzun mükafatlandırma mərasimi var idi. Adətən belə tədbirlər olanda AFFA nümayəndəsi oyundan əvvəl keçirilən iclasda tədbir haqqında məlumat verir. Lakin iclasda tədbir və paltardəyişmə otağından çıxışıla bağlı bizə məlumat verilməmişdi".
Qeyd edək ki, A.Şuaybu "Kəpəz"lə matçın 44-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun diskvalifikasiya olunub. Onun bu hərəkətinə görə "Şamaxı" 3000 manat cərimələnib. Həmçinin geyim formalarındakı uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün hər iki klub1500 manat cərimələnib.