Fərid Osmanov: "Bakıda keçirilən ICPC rəqəmsal dövrün gələcək liderləri üçün yeni üfüqlər açıb"
- 04 sentyabr, 2025
- 19:54

Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) Dünya Finalı gənc proqramçılar üçün ilham mənbəyi oldu.
"Report" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının bağlanış mərasimində deyib.
"İstedadınız, əzmkarlığınız və məqsədyönlülüyünüz sizi bu səhnəyə gətirib çıxarıb. Gördüyünüz işə sadiqliyiniz və intellektual gücünüz təkcə sizin deyil, həm də universitetinizin, akademik cəmiyyətinizin və təbii ki, ölkənizin qürur mənbəyidir. Axı ICPC təkcə yarışma və nəticə deyil, həm də yoldur", - o bildirib.
F.Osmanovun sözlərinə görə, final yarışları iştirakçılar üçün yeni üfüqlər açıb, onlara dəyərli bilik, dostluq bəxş edib və gələcək uğurlarının əsasını qoyub.
"Bilirəm ki, hər bir komanda mümkün qədər çox problemi həll etmək və ən yaxşı nəticələr əldə etmək üçün əlindən gələni etdi. Amma burada ən önəmlisi əməkdaşlıq, dostluq və Bakıdan özünüzlə aparacağınız imkanlardır. Azərbaycanda keçirilən Dünya Finalı bizim üçün də xüsusi məna kəsb edir. O, gənc proqramçıları ruhlandırdı, onların universitetlərinin dünya səhnəsində necə parladığını göstərdi və doğma şəhərdə, Azərbaycanda unudulmaz hadisəyə çevrildi", - o vurğulayıb.
F.Osmanov onu da qeyd edib ki, son illər Azərbaycanda rəqəmsal inkişaf, elektron xidmətlərin, rəqəmsal sistemlərin və infrastrukturun tətbiqi sahəsində mühüm uğurlar əldə olunub.
"Lakin bütün bu nailiyyətlər insan kapitalı sayəsində mümkün olub. Unutmayaq ki, insan istedadı həmişə texnologiya və innovasiyaların mərkəzində dayanır. Məhz ICPC kimi müsabiqələr dünyanın hər yerindən ən parlaq gənc mütəxəssisləri bir araya gətirir", - deyə o, fikrini yekunlaşdırıb.