Qarabağ və Şərqi Zəngəzur: Şəhərsalmada novatorluq və texnoloji tərəqqi nümunəsi
- 04 dekabr, 2025
- 13:44
44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan torpaqların düşmən tapdağından azad edilməsi qədər çətin çağırış qarşısında qaldı.
İşğal dövrü ərzində şəhər və kəndlərimiz viran qoyulmuş, demək olar ki, yer üzündən silinmişdi.
Düşmənin eyni zamanda işğal altındakı torpaqların hər qarışını minalaması ən böyük problemlərdən biri idi. Azərbaycan hökuməti belə bir mürəkkəb şəraitdə bu əraziləri faktiki olaraq sıfırdan bərpa edərək, vətəndaşların öz dədə baba yurdlarına tədricən qayıdışını təmin etməli idi. Üstəlik bu cür ambisiya yalnız daxili maliyyə imkanları hesabına reallaşdırılmalı idi. Dünyada çox az sayda ölkə qeyd olunan şərtlər çərcivəsində arzuolunan və operativ nəticə ortaya qoya bilsə də, Azərbaycan da bunu bacardı.
Azərbaycan Qarabağın bərpası ilə bağlı misilsiz çağırışları dəf etdi
Tarixi Zəfərdən qısa zaman sonra işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş quruculuq işləri start götürdü. Yeni yollar tikildi, kommunikasiya xətləri bərpa edildi, beynəlxalq hava limanları istifadəyə verildi. Paralel olaraq "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı"na uyğun olaraq yaşayış məntəqələrinin tikintisi aparıldı.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi və inzibati reinteqrasiyasını sürətləndirmək məqsədilə ölkənin inzibati ərazi quruluşunda dəyişikliklər edilərək Mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu (ərazisi: 1660,83 kv.km) yaradıldı. Eyni zamanda Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər aparıldı, bəzi kəndlərin inzibati tabeliyi faktiki yerləşdikləri rayonlara uyğunlaşdırıldı.
Torpaqların işğaldan azad edilməsindən cəmi iki il sonra ilk köç Zəngilanın Ağalı kəndinə baş tutdu. "Ağıllı kənd" konsepsiyasını özündə ehtiva edən bu yaşayış məntəqəsi ən son innovativ həllərdən istifadə olunmaqla ən yüksək səmərəlilik meyarları ilə inşa edildi. Kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilib. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri yerləşdirilib.
Quruculuq işlərində ən son innovativ yanaşmalar tətbiq olunur
İsidilmə xərclərini və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, digər tərəfdən suyun isidilməsi üçün yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41 000 kubmetr texniki su əldə edilə bilər. "Ağıllı kənd"də evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilib. İzolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılıb. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə "ağıllı" video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılıb.
Ağalı kəndinə tətbiq edilən yanaşma faktiki olaraq digər yaşayış məntəqələrinin bərpası üçün etalon rolu oynayır. Şəhərlərin planlaması müasir texnologiyalar və urbanistik meyarlar nəzərə alınmaqla hazırlanır. Onlar "ağıllı şəhər", "yaşıl enerji", "ekoloji balans" və "təhlükəsizlik" prinsipləri əsasında qurulur. Şəhərlər yaşayış zonaları, sosial obyektlər və sənaye parkları ilə balanslaşdırılmış olacaq, enerji təchizatı alternativ və bərpa olunan mənbələrə əsaslanacaq, müasir idarəetmə və nəzarət sistemləri tətbiq ediləcək.
Bu günə kimi 8 şəhərin Baş Planı, 3 şəhərin Müfəssəl Planı təsdiq olunub. Xankəndi, Ağdərə və Xocavənd şəhərlərinin Baş Planları işlənmə mərhələsindədir, habelə Xocalı şəhərinin Baş Planı hazırlanaraq aidiyyəti dövlət orqanlarına (qurumlarına) razılaşdırılması məqsədilə göndərilib. Belə ki, 13 rayon üzrə 123 yaşayış məntəqəsi sifariş verilib, 8 şəhərin Baş Planı və 93 kənd və qəsəbənin şəhərsalma əsaslandırması təsdiq olunub, 18 yaşayış məntəqəsi isə razılaşdırma mərhələsindədir.
Prezident İlham Əliyevin dediyi kimi "Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır". Şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur formalaşdırılır.
Şəhər və kəndlərin bərpası yüksək templə davam edir
Ən şiddətli döyüşlərin episentri olan və düşmənin "onurğası"nın qırıldığı Füzuli şəhərində 2, 3 və 4 otaqlı olmaqla 846 mənzil istifadəyə verilib. Yaşayış binalarının birinci mərtəbələri qeyri-yaşayış obyektləridir ki, bu da müxtəlif təyinat üzrə sakinlərə icarəyə verilib. Şəhərdə marketlər, apteklər, dərzi, bərbər, geyim mağazaları, stomatoloji klinikalar, poçt, müxtəlif dövlət və özəl qurumların ofisləri fəaliyyət göstərir, 3 min 141 nəfərdən ibarət 824 ailə yaşayır.
Füzulidə tikinti və bərpa işləri şəhərlə yanaşı kəndlərdə də davam edir. Hazırda Dövlətyarlı kəndində tikinti işləri aparılır. Kənddə 450 fərdi evin tikintisi nəzərdə tutulur. Həmçinin 360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur. Rayonun Pirəhmədli kəndində isə şaquli planlama işləri başa çatdırılıb. Tikintiyə başlanılıb, birinci mərhələdə 255 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhərində beş məhəllə konsepsiyası üzrə tikinti işləri həyata keçirilir. Yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. Rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə əhalinin köçü təmin edilib. Hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir. Bu gün Ağdamda dəmir yolu, avtovağzal kompleksi, yeni yaşayış massivləri, məktəblər, mehmanxanalar, su anbarları və enerji infrastrukturu ardıcıl şəkildə istifadəyə verilir. 2025-ci ilin oktyabrına qədər 825 ailə – 3318 nəfər – doğma torpaqlarına qayıdıb.
Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbəsi, eyni zamanda, Sos kəndinə sakinlərin köçü reallaşıb. Burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib, müxtəlif həcmlərdə su anbarları və içməli su şəbəkəsi təmir edilib. İctimai obyektlərin bərpası çərçivəsində isə market və restoran binası bərpa edilərək fəaliyyətə başlayıb. Həmçinin qaz və su şəbəkələri təmir edilib. Ümumilikdə isə Xocavənd rayonunda hazırda 59 ailə, 223 sakin yaşayır.
Hazırda Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.
Artıq keçmiş məcburi köçkünlər yenidən qurulan Zəngilan rayonunun Ağalı, Məmmədbəyli kəndlərində, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində və Horovlu kəndində məskunlaşıblar.
2026-cı ilin sonunadək 87 yaşayış məntəqəsinin (12 şəhər, 5 qəsəbə, 70 kənd olmaqla) bərpası nəzərdə tutulur. Bu günə kimi görülən işlərin icra tempi və keyfiyyət göstəciləri yaxın gələcəkdə bütün Qarabağın və Şərqi Zəngəzurun müasir infrastruktura malik, investisiyalar üçün cəlbedici bölgələrə çevriləcəyini deməyə əsas verir.