Sektor müdiri: Könüllülük fəaliyyəti əsrlər boyu Azərbaycan xalqının təfəkküründə formalaşmış haldır
- 04 dekabr, 2025
- 13:46
Könüllülük fəaliyyəti əsrlər boyu Azərbaycan xalqının təfəkküründə formalaşmış haldır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumunda deyib.
Onun sözlərinə görə, azərbaycanlılar hər zaman istər yaşadığı kənd və ya kiçik icma çərçivəsində, istərsə də ölkə üçün təmənnasız işlər görüblər:
"Bu, əsrlər boyu adət-ənənələrimizə çevrilib. Müstəqillik dövrümüzdə isə bu fəaliyyət daha çox nizamlı bir sistemə bağlı olub. Prezident İlham Əliyev dövlət qurumları ilə görüşündə tövsiyə səsləndirmişdi ki, həmin dövlət qurumları öz könüllü qruplarını formalaşdırıb könüllülük fəaliyyətini genişləndirsinlər. Bunun nəticəsi kimi demək olar ki, bu gün əksər qurumlarımızda belə qruplar fəaliyyət göstərir".
Xatırladaq ki, dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür və Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu da məhz bu günə həsr olunub.