Sandro Museridze: "EBRD Azərbaycanda 1,2 GVt gücündə BOEM layihələrinə investisiya yatırıb

Energetika
  • 26 sentyabr, 2025
  • 15:43
Sandro Museridze: EBRD Azərbaycanda 1,2 GVt gücündə BOEM layihələrinə investisiya yatırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını minimum 30 %-ə çatdırmaqla bağlı iddialı planını reallaşdırmağa kömək etməyi hədəfləyib.

"Report" xəbər verir ki, bunu bankın bərpa olunan enerji mənbələri üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

"Son illər ərzində EBRD Azərbaycanda 1,2 qiqavatt gücündə bərpa olunan enerji layihələrinə investisiya yatırıb və maliyyələşdirib. Bunların arasında "Masdar" şirkəti ilə 230 meqavatlıq günəş elektrik stansiyası layihəsi, "ACWA Power" ilə 240 meqavatlıq layihə, eləcə də iki başqa layihə var. Bunlar Qafqazda kommunal enerji sahəsində ilk iri layihələrdir. Bundan başqa, son illər ərzində Mərkəzi Asiyada bərpa olunan enerjiyə 1,3 milyard ABŞ dollarından çox vəsait yatırmışıq", - S.Museridze qeyd edib.

O, həmçinin yerli məşğulluğun əhəmiyyətini vurğulayıb: "Xızı-Abşeron" layihəsinin tikinti sahəsində 850 əməkdaş çalışır ki, onların da 70 %-i azərbaycanlılardır.

"Bu, təkcə iş yerləri deyil, həm də ölkə üçün yeni bacarıqlardır. Bizim rolumuz birbaşa investisiyalarla məhdudlaşmır: bir çox beynəlxalq kreditorlar bizim iştirakımızla yeni bazarlara investisiya yatırmağa üstünlük verir - bizim bir neçə uğurlu nümunəmiz var. Belə layihələrin həyata keçirilməsi üçün etibarlı elektrik şəbəkəsinin olması da az əhəmiyyət kəsb etmir. 2024-cü ildə Azərbaycan EBRD-nin dəstəyi ilə ilk dəfə bərpa olunan enerji hərracı - 400 meqavatlıq günəş elektrik stansiyaları üçün hərrac keçirib. Bu, sadəcə bir layihə deyil, ölkədə bərpa olunan enerjinin uzunmüddətli rolu haqqında sistemli siqnaldır", - bankir əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti