İrakli Kobaxidze: "Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı rəqəmsal mərkəzə çevirməyə imkan verəcək"

Energetika
  • 15 oktyabr, 2025
  • 16:14
İrakli Kobaxidze: Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı rəqəmsal mərkəzə çevirməyə imkan verəcək

Qara dəniz sualtı kabel layihəsi Gürcüstana elektrik enerjisini Avropaya ixrac etməyə və ölkəni rəqəmsal mərkəzə çevirməyə imkan verəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu bu ölkənin baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin "Gulf News" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkənin enerji sektorunda, xüsusilə su, külək və günəş enerjisi sahələrində böyük investisiya potensialı mövcuddur.

Baş nazir iki ölkə arasında əməkdaşlıq perspektivlərinə toxunaraq qeyd edib ki, Gürcüstan enerji resursları ilə zəngindir və bu istiqamətdə konkret inkişaf planına malikdir: "Enerji sektorunda, əsasən də su, külək və günəş enerjisi sahəsində böyük investisiya perspektivləri var. Bizim məqsədimiz 2028-ci ilə qədər elektrik enerjisi gücünü 8 giqavata, 2030-cu ilə qədər isə 10 giqavata çatdırmaqdır. Bu, Gürcüstanın enerji müstəqilliyini təmin edəcək və eyni zamanda Qara dəniz vasitəsilə Avropa ölkələrinə enerji ixracına şərait yaradacaq."

İ. Kobaxidzenin sözlərinə görə, Qara dəniz sualtı kabel layihəsi təkcə enerji ixracı üçün deyil, həm də Gürcüstanın regional rəqəmsal mərkəzə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Baş nazir əlavə edib ki, enerji sahəsi ilə yanaşı, turizm və kənd təsərrüfatı da Gürcüstan iqtisadiyyatının ənənəvi və gələcəkdə investisiyalar üçün ən əlverişli istiqamətləri kimi qalır: "Bu layihələr Gürcüstanın iqtisadi irəliləyişinə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşməsinə töhfə verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti