Çin şirkətləri regionda transformasiya layihələrinin həyata keçirilməsində maraqlıdır
- 26 sentyabr, 2025
- 17:22

Beynəlxalq şirkətlər, xüsusilə də Çin şirkətləri regionda transformasiya (rəqəmsal) layihələrinin həyata keçirilməsi üçün hökumət və Azərbaycanın developerləri ilə əməkdaşlıq edə bilərlər.
"Report" xəbər verir ki, bu barədə "NWEPDI-China Energy Engineering Group"un (CEEC) baş nümayəndəsi Tsi Liu Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbirində bildirib.
"Azərbaycan və Mərkəzi Asiya davamlı inkişaf, enerji diversifikasiyası və infrastrukturun modernləşdirilməsi sahəsində böyük hədəfləri olan bir dönüş mərhələsindədir. Beynəlxalq şirkətlər, xüsusilə də Çin şirkətləri regionda transformasiya layihələrinin həyata keçirilməsi üçün yerli hökumətlər və developerlərlə əməkdaşlıq edə bilərlər", - o qeyd edib.
T. Liunun sözlərinə görə, Azərbaycanda "Vision 2030" və Mərkəzi Asiya ölkələrinin təşəbbüsləri, o cümlədən Qazaxıstanın 2060-cı ilədək karbon neytrallaşmasına nail olmaq hədəfi qabaqcıl həllərə yüksək tələbat yaradır.
"Çin şirkətləri dünyadakı günəş panellərinin və külək turbinlərinin 70 %-dən çoxunu istehsal edirlər. Yüksək effektivliyə malik fotovoltaik modullar və "ağıllı şəbəkə" sistemləri də daxil olmaqla, müasir avadanlıqlar regionun təmiz enerjiyə keçidini sürətləndirə bilər. Azərbaycanın Avrasiya nəqliyyat qovşağı kimi strateji mövqeyi və Mərkəzi Asiyanın dünya ticarətində artan rolu daha yaxşı infrastruktur tələb edir", - T.Liu əlavə edib.