ABŞ maliyyə nəhəngləri ilə tərəfdaşlıq Azərbaycanın qlobal inteqrasiyasını gücləndirir
- 26 sentyabr, 2025
- 18:58

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ya səfəri çərçivəsində bir sıra strateji görüşlər keçirilib. Dövlət başçısının aparıcı şirkət rəhbərləri və maliyyə institutlarının nümayəndələri ilə görüşləri Azərbaycanın beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya platformalarında fəal iştirakının bariz nümunəsidir.
Səfər ərəfəsində Bakıda keçirilmiş I Beynəlxalq İnvestisiya Forumu da ölkənin qlobal iqtisadi mərkəz kimi artan rolunu təsdiqləyir. Forum Azərbaycanın xarici investorlarla açıq dialoqa, yeni tərəfdaşlıq imkanlarına və iqtisadi diplomatiyanın dərinləşdirilməsinə verdiyi önəmi nümayiş etdirdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı "Report"a açıqlamasında bildirib ki, ABŞ-da keçirilmiş görüşlər ölkə iqtisadiyyatının yeni mərhələyə keçidində xüsusi rol oynayır.

Onun sözlərinə görə, ABŞ-nin nüfuzlu korporasiyaları, aparıcı maliyyə institutları və yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətləri ilə aparılan müzakirələr diversifikasiya, innovasiya, yüksək texnologiyaların tətbiqi və infrastrukturun modernləşdirilməsi baxımından əlavə imkanlar açır.
Bu kontekstdə beynəlxalq reytinq agentliklərinin - "Moody"s" və "Fitch"in Azərbaycanın kredit reytinqini artırması xarici investorlar üçün riskləri azaldır və kapital axınına etimad yaradır.
"Azərbaycanın yüksək kredit reytinqi maliyyə dayanıqlığını möhkəmləndirməklə yanaşı, sənaye, enerji, infrastruktur və texnologiya sahələrində yeni layihələrin reallaşmasına təkan verir, iş yerlərinin artımına və iqtisadi şaxələndirməyə şərait yaradır", - deyə o əlavə edib.

Prezident İlham Əliyevin ABŞ səfəri çərçivəsində "Neuberger Berman", "Brookfield Asset Management" və "Blackstone" kimi qlobal nəhənglərlə keçirilmiş görüşləri Azərbaycanın beynəlxalq maliyyə inteqrasiyasını daha da dərinləşdirir.
Müzakirələr həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı, innovativ idarəetmə modelləri və regional enerji mərkəzinə çevrilmə perspektivlərini də əhatə edib.
L. Zeynallının sözlərinə görə, bu təşəbbüslər ölkənin qlobal dəyər zəncirlərinə inteqrasiyasını sürətləndirir, etibarlı tərəfdaş və rəqabətqabiliyyətli investisiya məkanı kimi mövqeyini möhkəmləndirir.
"Prezident İlham Əliyevin ABŞ-yaa səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, həm də Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunu gücləndirir və strateji inkişaf prioritetlərinə uyğun yeni əməkdaşlıq platformalarının yaradılmasına təkan verir", - o vurğulayıb.