İmişlidə toyda zəhərlənənlərin sayı artıb, vəziyyəti ağır olanlar KTM-ə təxliyə edilib
- 26 sentyabr, 2025
- 19:07

İmişlidə toyda zəhərlənmə şübhəsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb.
Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla, 35-i kişi, 4-ü uşaq olmaqla, 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.