Vətən müharibəsində iştirak etmiş ANAMA əməkdaşları ilə görüş keçirilib

Daxili siyasət
  • 26 sentyabr, 2025
  • 19:01
Vətən müharibəsində iştirak etmiş ANAMA əməkdaşları ilə görüş keçirilib

27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Agentliyin 44 günlük Vətən müharibəsində iştirak etmiş bir qrup əməkdaşı ilə görüş keçirib.

Bu barədə "Report"a ANAMA-dan bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsi şəhidləri və qazilərinin yad edilməsi məqsədilə keçirilən görüşdə Vüqar Süleymanov müharibədə qazanılan zəfərin xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi, ordumuzun böyük şücaəti və yüksək döyüş hazırlığı nəticəsində 44 gün davam edən müharibədə torpaqlarımız işğaldan azad edilib.

"Bugünkü müstəqil, təhlükəsiz və yenidən qurulan Qarabağ uğrunda apardığınız mübarizə dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Sizin xidmətləriniz təkcə döyüş meydanında deyil, bu gün də mina təhlükəsi ilə mübarizə fəaliyyətində davam edir və bu olduqca şərəfli bir missiyadır", -deyə İdarə Heyətinin sədri vurğulayıb.

Döyüşlərlə bağlı təəssüratlarını paylaşan müharibə iştirakçıları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgərlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının birliyi və dəstəyi sayəsində zəfər əldə edildiyini bildiriblər.

Sonda görüşdə iştirak edən əməkdaşlara təşəkkürnamə və Agentliyin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ayrılmış mükafatlar təqdim edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti