BP "Şahdəniz Kompressiya" layihəsi üçün üç yeni müqavilə imzalayıb

Energetika
  • 14 oktyabr, 2025
  • 14:26
BP Şahdəniz Kompressiya layihəsi üçün üç yeni müqavilə imzalayıb

"Şahdəniz" konsorsiumu "Şahdəniz Kompressiya" (ŞDK) layihəsinin həyata keçirilməsi üçün dənizdə görüləcək işlər üzrə üç iri müqavilə imzalayıb.

"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, ümumi dəyəri təxminən 700 milyon ABŞ dolları olan bu müqavilələr "Saipem/BOS Shelf" birgə müəssisəsinə verilib.

Müqavilələr üzrə görüləcək işlərin həcminə Xəzər dənizində quraşdırılacaq 19 000 tonluq yeni qurğu olan ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılması, təxminən 26 kilometr uzunluğunda yeni sualtı kəmərlər də daxil olmaqla ŞDK platformasını mövcud "Şahdəniz" infrastrukturu ilə birləşdirmək üçün nəzərdə tutulmuş sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması daxildir.

Quruda aparılacaq bütün tikinti işləri "BOS Shelf" şirkətinin idarə etdiyi Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.

Dənizdə aparılacaq tikinti və quraşdırma işləri isə Azərbaycanın iki əsas gəmisi vasitəsi ilə yerinə yetiriləcək:

- "Şahdəniz" konsorsiumuna məxsus müasir texnologiyalı "Xankəndi" sualtı tikinti gəmisi;

- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "İsrafil Hüseynov" borudüzən barjı.

Dəyəri 29 milyon ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə "Trina Solar (Schweiz) AG" şirkətinə verilib. Müqavilə çərçivəsində işlərin icrasına artıq başlanılıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb. Yeni müqavilələrin şərtlərinə əsasən hər iki gəmi "Saipem" tərəfindən idarə olunacaq.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham bildirib ki: "İrihəcmli tikinti və quraşdırma işləri üçün bu yeni müqavilələri verməklə biz ŞDK layihəsində mühüm irəliləyiş edirik. Bu müqavilələr yerli işçi qüvvəsini layihəyə cəlb etməklə ölkənin tikinti-quraşdırma sahələrindən və digər infrastrukturundan tam istifadəyə yol açır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həm quruda istehsal, həm də dənizdə quraşdırma işləri üçün beynəlxalq standartlara tam cavab verən dünya səviyyəli imkanları var. Bircə onu demək kifayətdir ki, 2026–2028-ci illərdə ŞDK layihəsi üçün ümumilikdə 3 040 ton çəkisində sualtı infrastrukturun inşa ediləcəyi və quraşdırılacağı planlaşdırılır. Bu xeyli böyük bir iş həcmidir və rəqəm olaraq gördüyümüz işlərin miqyas və məramını çox aydın əks etdirir. Bu mühüm müqavilələrin bağlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm".

Plana əsasən, dənizdə aparılacaq işlər 2026-cı ilin üçüncü rübündə dənizdibi payaların quraşdırılması ilə başlayacaq və 2029-cu ildə başa çatacaq.

Qeyd edək ki, nəhəng "Şahdəniz" qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin "Şahdəniz" yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud "Şahdəniz Bravo" (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq ŞDK platforması həm "Şahdəniz Alfa" (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

Layihə həmçinin "Şahdəniz" müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir. Tikinti işlərinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti