BDU-nun rektoru: Gənclərin səsi olmadan iqlim böhranına cavab vermək mümkünsüzdür
- 01 sentyabr, 2025
- 10:31

Gənclərin səsi olmadan iqlim böhranına cavab vermək mümkünsüzdür.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-da keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədbir yalnız yerli təşəbbüs deyil, qlobal iqlim proseslərində gənclərin səsini gücləndirməyi hədəfləyir. "LCOY" hər il keçirilən COP konfranslarından əvvəl təşkil olunur və bu qlobal görüşlərə bilavasitə töhfə verir:
"Bakı Dövlət Universiteti olaraq, biz bu missiyanın nə qədər vacib olduğunu çox yaxşı anlayırıq. "LCOY-2025"in məqsədi Azərbaycan gənclərinin iqlim dəyişmələri üzrə biliklərini artırmaq, onların liderlik və analitik bacarıqlarını inkişaf etdirmək, qlobal səhnəyə daha hazırlıqlı çıxışlarını təmin etməkdir".