Akademik Musiqili Teatrın "Sən – Kralsan!" tamaşası Brodveyin ən yaxşı müziklları ilə müqayisə edilə bilər

Digər
  • 28 noyabr, 2025
  • 16:44
Akademik Musiqili Teatrın Sən – Kralsan! tamaşası Brodveyin ən yaxşı müziklları ilə müqayisə edilə bilər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində əfsanəvi müğənni, hələ sağlığında "rok-n-roll kralı" şöhrətini qazanan Elvis Preslinin yaradıcılığına həsr olunmuş "Sən - Kralsan!" müziklının premyerası keçirilib.

"Report" xəbər verir ki, XX əsrin musiqi tarixinə adı əbədi həkk olunmuş Elvis Aaron Presli 8 yanvar 1935-ci ildə Missisipi ştatının Tyüpelo şəhərində anadan olub. O, XX əsrin kommersiya baxımından ən uğurlu populyar musiqi ifaçılarından biri olub. Presli kantri və blüzu birləşdirərək yeni musiqi üslubu - rokabilli üslubunu yaradıb. O, 1950-ci illərin ortalarında ilk səs yazılarından başlayaraq bu üsluba müraciət etmiş, "That's All Right", "Blue Suede Shoes", "Tutti Frutti", "Hound Dog" kimi mahnıları xüsusi tərzdə yenidən ifa edib.

Onun yaradıcılığı "Sun Records" studiyasında başlayıb, burada heç kimə məlum olmayan Elvis 1953-cü ildə 8 dollar ödəyərək ilk valını yazdırıb. Tezliklə onu "Rok-n-roll Kralı" adlandıracaq, onun disklərinin satışı isə bir milyard nüsxəni keçəcəkdi. 150-dən çox albom qızıl, platin və multi-platin statusu alıb, onlarla albom dünya hit-paradlarında lider mövqe tutub. Presli 786 mahnı yazıb, onlardan altısı "Rok-n-rollu formalaşdıran mahnılar" siyahısına daxil edilib. "Rolling Stone" jurnalı onu bütün zamanların ən böyük müğənnilərinin sırasında üçüncü yerə qoyub, sənətçinin özü isə 31 bədii filmdə rol alıb və "Bütün dövrlərin 50 ən böyük sənətçisi" siyahısında 3-cü yeri tutub.

Lakin parlaq şöhrətin arxasında faciələr və məyusluqlarla dolu mürəkkəb bir tale gizlənirdi. Sürətli uğur, heç nə ilə əsaslandırılmayan iddialar, "həddindən artıq seksual olması" ittihamları - bütün bunlar Elvisin qısa həyatı boyu onu müşayiət edib. Onun prodüseri - "polkovnik" Tom Parker, "Kral"ın rəyini nəzərə almadan müqavilələr bağlayırdı. Sonsuz konsertlər və səfərlər Preslinin əvvəlcə birinci həyat yoldaşı Pritsilla ilə olan mürəkkəb münasibətlərini, daha sonra isə digər qadınlarla olan münasibətlərini daha da çətinləşdirirdi. Daimi stress və dərman qəbulu, yəqin ki, onun 42 yaşında dünyasını dəyişməsinə səbəb oldu. Təəccüblü deyil ki, dünya kinematoqrafı tez-tez Elvisin mürəkkəb bioqrafiyasına və mirasına müraciət edir. Onun haqqında onlarla film və seriallar çəkilib. Onun repertuarından mahnılar isə yüzlərlə filmin saundtreki kimi istifadə olunur.

"Rok-n-roll Kralı"nın yaradıcılığına "Sən - Kralsan!" müziklının yaradıcıları da müraciət edib. Tamaşada əfsanəvi müğənninin 18 hiti istifadə olunub. Lirik və bəzən inanılmaz dərəcədə ritmik kompozisiyalar Ələkbər Tağı-zadənin elə öz pyesi əsasında səhnələşdirdiyi tamaşada istedadlı aktyorlar tərəfindən nəql edilən hekayənin ümumi dramaturgiyasına tam şəkildə uyğun gəlir. Tamaşa üçün bütün hitlərin unikal orkestr versiyaları yaradılıb, bunun sayəsində əsl "rok-n-roll" musiqi direktoru və dirijor Cavad Tağı-zadənin rəhbərliyi altında simfonik orkestr tərəfindən ifa edilir.

Tamaşanın qəhrəmanları arasındakı mürəkkəb münasibətlər, intriqalar və etiraflar vokal partiyalarda və canlı rəqs nömrələrində davam edir. İnanılmaz səslər və baletmeyster Kamilə Əliyevanın möhtəşəm xoreoqrafiyası unudulmaz bayram ab-havası yaradır. Aktyorların enerjisi və xormeyster Vaqif Mastanovun rəhbərliyi altında xorun peşəkar işi tamaşanı ən yaxşı Brodvey şouları ilə müqayisə edilə bilən böyük miqyaslı musiqi bayramına çevirir. Aktyorlar və musiqiçilər sadəcə oynamırlar – onlar bu tamaşada yaşayır, tamaşaçı ilə emosiya və hisslərini bölüşürlər.

Premyera sübut etdi ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı müzikl "kralı" olmağa nail olub. Üç premyera günü ərzində tamaşaçılar belə qərar veriblər. "Kral" olmağın nə qədər asan olduğunu isə zaman göstərəcək!

Tamaşanın növbəti nümayişi dekabrın 6-da olacaq.

Biletləri keçid vasitəsilə əldə edə bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti