Şahbaz Şərif: Pakistan Qətərin suverenliyinin müdafiəsi üçün onun istənilən addımını dəstəkləməyə hazırdır

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 18:10
Şahbaz Şərif: Pakistan Qətərin suverenliyinin müdafiəsi üçün onun istənilən addımını dəstəkləməyə hazırdır

Pakistan Qətərin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün onun gördüyü bütün tədbirləri dəstəkləməyə hazır olduğunu bildirib.

"Report" Qətərin QNA agentliyinə istinadən bildirir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu sözləri Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı deyib.

Tərəflər regiondakı son hadisələri, xüsusilə İsrailin bu yaxınlarda Qətərin paytaxtına endirdiyi aviazərbələri, eləcə də sülh və sabitliyin əldə olunması səylərini müzakirə ediblər.

Pakistanın Baş naziri Qətər və onun xalqı ilə tam həmrəyliyini ifadə edərək, Dohanın öz suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün atdığı bütün addımlara dəstəyini təsdiqləyib.

O vurğulayıb ki, İsrailin son hücumu Qətərin suverenliyinin kobud şəkildə pozulmasıdır, beynəlxalq hüquqa ziddir, həm regional təhlükəsizliyi, həm də Yaxın Şərqdə sülh yolu ilə nizamlanma perspektivlərini sarsıdır.

Ş.Şərif Qətər əmirinin regionda sabitliyin təmin edilməsi və sülh təşəbbüslərinin irəlilədilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Tərəflər ikitərəfli münasibətlərin inkişafını və bütün sahələrdə gücləndirilməsi yollarını müzakirə edib, həmçinin cari regional və beynəlxalq hadisələr, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.