"Politico": Milyonlarla amerikalı ərzaq yardımından məhrum qala bilər

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 05:55
Politico: Milyonlarla amerikalı ərzaq yardımından məhrum qala bilər

Milyonlarla ABŞ vətəndaşı yaxın aylarda ölkənin ən böyük Əlavə Ərzaq Yardımı Proqramından (ƏƏYP) çıxarıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ kənd təsərrüfatı naziri Bruk Rollins hökumətin qismən fəaliyyətinin dayandırıldığı dövrdə əməkdaşlara iyul ayında qəbul edilmiş dövlət xərcləri haqqında qanunun icrasını davam etdirməyi tapşırıb. Bu isə milyonlarla amerikalının ƏƏYP-dən çıxarılmasına səbəb ola bilər. "Politico" qeyd edib ki, proqram gündə orta hesabla 6 dollar məbləğində yardım göstərir və bundan 40%-i uşaqlar olan təxminən 42 milyon insan yararlanır.

Qeyri-kommersiya təşkilatı olan "Yəhudi immiqrantlara yardım cəmiyyəti"nin qiymətləndirməsinə görə, proqramda edilən dəyişikliklər təxminən 250 min qaçqın və digər humanitar vizaya sahib şəxslər üçün müavinətlərin azaldılmasına gətirib çıxaracaq.

"Politico"nun materialında vurğulanıb ki, amerikalıların ƏƏYP-dən çıxarılması son onilliklərdə sosial yardımların ən böyük ixtisarı olacaq. Qəzetin yazdığına görə, yeni qanuna əsasən, uşaqlı ailələr və yaşlı amerikalılar "daha sərt iş tələbləri"nə cavab verməli olacaqlar, ştatlar isə nəticədə ƏƏYP çərçivəsində müavinətlərin ödənilməsi xərclərinin bir hissəsini öz üzərinə götürməli olacaq. Proqram iştirakçılarına artıq yeni tələblərlə bağlı bildirişlər göndərilib. Əgər onlar üç ay ərzində bu tələbləri yerinə yetirməsələr, müavinət hüququnu tamamilə itirəcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti