Meksikada "Z nəsli"nin yürüşü zamanı 100 polis yaralanıb
- 16 noyabr, 2025
- 07:23
Mexikoda (Meksikanın paytaxtı – red.) "Z nəsli" hərəkatının hökumət əleyhinə nümayişi zamanı baş verən toqquşmalarda 100-dən çox polis əməkdaşı xəsarət alıb.
"Report"un məlumatına görə, bunu mətbuat konfransında Mexiko şəhərinin ictimai təhlükəsizlik katibi Pablo Vaskes Kamaço bildirib.
Onun sözlərinə görə, hazırda 60 polis əməkdaşı yüngül xəsarətlərlə yerindəcə tibbi yardım alıb. Daha 40 nəfər xəstəxanalara yerləşdirilib: onların 36-sı qançır, kəsik və yüngül xəsarətlər alıb, dörd nəfərə isə həyati təhlükə yaratmayan zədələrə görə ixtisaslaşmış tibbi yardım göstərilir.
Vaskes Kamaçonun sözlərinə görə, nümayiş əvvəlcə dinc şəkildə keçib, lakin maskalı bir qrup zorakı hərəkətlərə başlayandan sonra digər iştirakçıların toxunulmazlığını və azad fikir ifadəsi hüququnu təmin etmək üçün polis qüvvələrinin artırılmasına ehtiyac yaranıb. O əlavə edib ki, aqressiv nümayişçilər hüquq-mühafizə orqanlarının üstünə partlayıcı maddələrdən istifadə etməklə hücuma keçiblər. Polis hücum edənləri geri otuzduraraq daş, çubuq, çəkic, zəncir və digər hücum üçün yararlı əşyaları müsadirə edib.
"20 nəfər saxlanılıb və məsuliyyətin müəyyən edilməsi, zəruri istintaq hərəkətlərinin aparılması üçün prokurorluğa təhvil verilib", – deyə rəsmi vurğulayıb. O qeyd edib ki, polis yalnız nümayişçiləri cilovlamaq üçün hərəkət edib və təxribatlara uymayıb.