Pentaqon rəhbəri generalları və admiralları sentyabrın 30-da təcili görüşə çağırıb

Digər ölkələr
  • 25 sentyabr, 2025
  • 20:03
Pentaqon rəhbəri generalları və admiralları sentyabrın 30-da təcili görüşə çağırıb

ABŞ-nin müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin yüzlərlə general və admiralına gələn həftə Virciniya ştatında Dəniz Piyadaları Korpusunun bazasına toplaşmağı əmr edib.

"Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "The Washington Post" məlumat yayıb.

Nəşr qeyd edir ki, qeyri-adi direktiv ABŞ-nin dünyadakı demək olar bütün yüksək rütbəli hərbi komandirlərinə göndərilib. Sərəncam bu həftə hökumətin fəaliyyətini müvəqqəti dayandırması təhlükəsi fonunda və Pentaqonda Heqset komandasının yüksək hərbi komandanlıqların irimiqyaslı birləşdirilməsi planlarını elan etməsindən bir neçə ay sonra verilib.

Pentaqon nümayəndəsi Şon Parnell Heqsetin gələn həftənin əvvəlində yüksək səviyyəli hərbi liderləri qarşısında çıxış edəcəyini bildirib, amma əlavə təfərrüat verməyib.

WP isə xəbər verir ki, görüşün gələn çərşənbə axşamı, sentyabrın 30-da keçirilməsi planlaşdırılır. Görüşdə ABŞ və digər ölkələrdən təxminən 800 general və admiralın, o cümlədən Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda yerləşən münaqişə zonalarındakı komandirlər və yüksək rütbəli zabitlərin iştirakı gözlənilir.

Əmr komandanlıq vəzifələrində briqada generalı və ondan yuxarı və ya onlara bərabər tutulan hərbi rütbəli zabitlərə, habelə onların sıralarına daxil olan yüksək rütbəli zabitlərə şamil edilir. O, qərargah vəzifələrində olan zabitlərə şamil edilmir.

Son xəbərlər

Bütün Xəbər Lenti