Hindistanın Pəncab əyalətində daşqınlar 43 nəfərin həyatına son qoyub
- 04 sentyabr, 2025
- 23:18

Hindistanın Pəncab əyalətində daşqınlar 43 nəfərin həyatına son qoyub.
"Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.
Qeyd olunur ki, Hindistanın kənd təsərrüfatı naziri Şivraj Sinqx Çauxan ştatının daşqından zərər çəkmiş ərazilərinə baş çəkərək, insanlara hərtərəfli dəstək verəcəyinə zəmanət verib.
ANI-nin məlumatına görə, Pəncabda daşqınlara güclü yağışlar səbəb olub. Təbii fəlakət təxminən 1 655 kəndə təsir edib. Ən çox ziyan çəkən Gurdaspur rayonu olub, 324 kənd su altında qalıb. Firozpur, Amritsar, Hoşiarpur, Kapurtala və Sanqrur kəndləri də təbii fəlakətdən ziyan görüblər. 175,2 min hektara yaxın kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Ümumilikdə 19 mindən çox insan təxliyə edilib. Hazırda 167 müvəqqəti yaşayış düşərgəsi fəaliyyət göstərir, onlardan 29-u Pəncabın cənub-mərkəzi hissəsində, Barnala şəhərində yerləşir.
Pəncab polisi su basmış kəndlərə yardım ləvazimatlarını çatdırmaq üçün dronları yerləşdirərək. Əyalət boyu xilasetmə əməliyyatlarına başlanılıb.