Azad edilən ərazilərə köçürülən sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
- 17 noyabr, 2025
- 11:09
Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinə köçürülən sakinlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.
"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Belə ki, Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı, eləcə də mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Bildirilib ki, qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.