Çin şirkətləri Azərbaycan üçün yeni turpaketlər hazırlamaq istəyir
- 17 noyabr, 2025
- 12:38
Çindən olan tur operatorları Azərbaycanda tanış olduqları təcrübə və məlumatları öz məhsullarına inteqrasiya edərək yeni Azərbaycan istiqamətli turpaketlər hazırlamağı planlaşdırırlar.
"Report" xəbər verir, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda ilk dəfə keçirilən "China Visitors Summit"də deyib.
Onun sözlərinə görə, Çin və Azərbaycan turizm industriyası əməkdaşlığı daha da möhkəmləndirir: "Bu platforma hər iki ölkənin turizm sənayesi arasında insanlararası mübadiləni daha da gücləndirir. Bu il Çində təşkil etdiyimiz çoxsaylı tədbirlər arasında məhz bu görüşün təsir gücü xüsusilə nəzərə çarpır".
F.Zenqstşmid əlavə edib ki, iki ölkə arasındakı mədəni əlaqələr təkcə turizmlə məhdudlaşmır, nəqliyyat, iqtisadi əməkdaşlıq və ən əsası, insanlararası münasibətlər kimi sahələrdə də genişlənir.