UN-HABITAT-ın insan mərkəzli "ağıllı şəhərlər" üzrə qaydalar sənədi Bakıda təqdim olunacaq
- 17 noyabr, 2025
- 12:52
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) insan mərkəzli "ağıllı şəhərlər" üzrə qaydalar sənədi Bakıda təqdim olunacaq.
"Report"un məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlmasında deyib.
Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir şəhərsalma sahəsində ciddi islahatlar aparır, eyni zamanda, beynəlxalq gündəliyə töhfə verməyə çalışır:
"Azərbaycan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) insan mərkəzli "ağıllı şəhərlər" üzrə qaydalar təşəbbüsünü irəli sürüb və bu sənədin hazırlanmasında iştirak edən ekspert qrupuna iki mütəxəssis ayırıb. Artıq sənədin hazırlanması başa çatıb, təqdimatı və müzakirəsi Bakıda olacaq".
A.Quliyev bildirib ki, UN-HABITAT-ın nəzdində fəaliyyət göstərən hökumətlərarası qrupun hər kəs üçün mənzil təminatı sahəsində yol xəritəsi hazırlamaq üzrə qrupun həmsədri seçilib:
"Azərbaycan bu proseslə bağlı da töhfə verməyə çalışacaq. Biz həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirdiyimiz sistemli planlaşdırma, şəhərlərin yenidənqurma və bərpası ilə bağlı təcrübələrimizi bölüşəcəyik".