Bakıda fərdi yaşayış və bağ evləri ucuzlaşıb
- 12 aprel, 2022
- 12:35

Bu ilin mart ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) fevral ayına nisbətən 3,37 %, son 1 ildə isə 5,46 % azalma olub.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, fərdi yaşayış və bağ evləri bazarı üzrə bahalı evlərin (1 kvadrat metrin qiyməti 1 200 manatdan yuxarı) qiyməti ay ərzində 0,16 %, il ərzində 13,49 % artıb. Orta qiymətə olan evlərin (1 kvadrat metrin qiyməti 800-1 200 manat civarında) qiyməti ay ərzində 4,55 %, il ərzində 0,41 % azalıb, ucuz evlərin isə (1 kvadrat metrin qiyməti 800 manatdan aşağı) qiymətində ay ərzində 16,34 % artım, il ərzində 9,39 % azalma olub.
"Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında fevral ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 11,85 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,45 % azalma qeydə alınıb. Bahalı evlərin (1 kvadrat metrinin aylığı 1 000 manatdan baha) kirayə qiymətində ay ərzində 17,41 %, il ərzində 3,14 % azalma, orta qiymətə olan evlərin (1 kvadrat metrinin qiyməti 500-1 000 manat civarında) kirayə qiymətində ay ərzində 23,08 %, il ərzində 5,06 % artım, ucuz evlərin (1 kvadrat metrinin aylığı 500 manatdan ucuz) kirayə qiymətində isə ay ərzində 0,34 %, il ərzində 24,29 % azalma olub", - N. İbrahimov bildirib.