Tramp: Rəfahda atəşkəsin pozulmasının arxasında HƏMAS üsyançıları dayanır
- 20 oktyabr, 2025
- 06:31

Qəzza zolağının cənubundakı Rəfahdə atəşkəs rejiminin pozulmasının arxasında Fələstinin HƏMAS radikal hərəkatının üsyançıları dayanır.
"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə bildirib.
O, radikalların rəhbərliyinin hadisə ilə əlaqəsinin olmadığını güman edib.
"Biz hesab edirik ki, HƏMAS rəhbərliyi, ola bilsin ki, buna qarışmayıb və ola bilsin ki, bu, HƏMAS daxilində olan üsyançılar olub. İstənilən halda, biz çox sərt şəkildə hərəkət edəcəyik", - deyə Amerika lideri bildirib.
Qeyd edək ki, daha əvvəl İsrail ordusu fələstinli radikalların atəşkəs rejimini pozduğunu bildirərək anklavın cənubunda yerləşən Rəfah şəhəri yaxınlığında İsrail hərbçilərinin atəşə tutulduğu hadisə barədə məlumat yayıb. İsrail Baş naziri Binyamin Netanyahu atəşkəs rejiminin pozulmasında HƏMAS hərəkatını günahlandıraraq silahlı qüvvələrə radikallara qarşı tədbirlər görmək göstərişini verib. Bundan sonra ordu bütün anklav boyunca onlarla hədəfə zərbələr endirib. Daha sonra hərbçilər Rəfahdakı hadisə nəticəsində iki hərbçinin həlak olduğunu, daha birinin ağır yaralandığını dəqiqləşdiriblər. HƏMAS nümayəndələri isə hərəkatın Rəfahda baş verən hadisə ilə əlaqəsini inkar ediblər.