KİV: FIFA DÇ-2026-dan əvvəl ofsayd qaydasını dəyişə bilər
- 20 oktyabr, 2025
- 05:12

FIFA 2026-cı ildən - futbol üzrə dünya çempionatından əvvəl ofsayd qaydasına dəyişiklik etməyi planlaşdırır.
"Report"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, bu barədə keçmiş hakim Eduardo İtturralde Qonsales danışıb.
Söhbət "Venger qanunu" kimi tanınan ofsayd qaydasından gedir – onun müəllifi sabiq futbolçu və məşqçi, hazırda FIFA-nın dünya futbolunun inkişafı üzrə direktoru olan Arsen Vengerdir.
Vengerin təşəbbüsünə əsasən, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq bir boşluq olduqda qeydə alınacaq. Əgər oyunçular eyni xətt üzərindədirsə – hətta qismən, məsələn, hücumçunun dabanı müdafiəçinin ayaq üstü ilə üst-üstə düşürsə – bu zaman ofsayd sayılmayacaq.
İtturralde qeyd edib: "Proses belədir: oktyabrın sonu və ya noyabrda 23 oyunçu və 11 hakimdən ibarət ekspert komitəsi yeni təklifləri nəzərdən keçirir. Ən maraqlısı isə odur ki, bu komitəyə təşəbbüsün müəllifi Venger özü rəhbərlik edir. Əgər ideya bu mərhələdən keçərsə, 20 yanvarda illik toplantıya, daha sonra isə fevralın sonu və ya martın əvvəlində keçirilən ümumi iclasa təqdim olunur. Bu mərhələyə çatan təkliflərin 95%-i, adətən, təsdiqlənir."
Qeyd olunub ki, yeni qayda artıq 2026-cı ildə – dünya çempionatı ərəfəsində test edilə bilər.