Zaur Əhmədov: Cənubi Qafqazda sülh prosesi Danimarka biznesi üçün yeni üfüqlər açır
- 02 sentyabr, 2025
- 11:32

Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda sülh prosesindəki irəliləyiş təkcə region üçün deyil, Danimarka da daxil olmaqla Avropa ölkələri üçün də yeni perspektivlər açır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Danimarkadakı səfiri Zaur Əhmədovun "POV International" üçün yazdığı məqalədə bildirilib.
Diplomatın sözlərinə görə, Cənubi Qafqazda sabitlik Avropa İttifaqının (Aİ) şərq qonşuluğunu gücləndirəcək və Avropa dövlətləri üçün əlavə iqtisadi imkanlar yaradacaq.
"Onilliklərlə davam edən münaqişə və qarşıdurmadan sonra Cənubi Qafqazda sülh reallığa çevrilir. Bu, həm Avropa, həm də hazırda Aİ-yə sədrlik edən Danimarka üçün mühüm əhəmiyyət kəsb edir", - o vurğulayıb.
Z.Əhmədov qeyd edib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) işə salınması xüsusi əhəmiyyət daşıyır, bu marşrut Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək:
"Yeni nəqliyyat dəhlizi Orta Dəhlizin bir hissəsi olacaq, Qafqazı Türkiyə, Avropa və Avrasiya ilə birləşdirəcək, ticarətin artmasına və hər yerdə yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Danimarkanın gəmiçilik nəhəngi "Maersk" artıq bu marşrutdan istifadə edir və onun daha da gücləndirilməsində maraqlıdır".
Diplomatın sözlərinə görə, TRIPP-in istifadəyə verilməsi ilə Azərbaycanın Orta Dəhlizdəki strateji rolu əhəmiyyətli dərəcədə güclənəcək.
"TRIPP Danimarka şirkətləri üçün də yeni imkanlar açır. Bu baxımdan, Cənubi Qafqazda sülhün əldə edilməsi Danimarkanın Aİ-də hazırkı sədrliyi və oktyabrda Kopenhagendə keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammiti üçün də əhəmiyyət kəsb edir. Avropanın təhlükəsizliyi, birliyi və iqtisadi əlaqələri dəyişmə prosesindədir", - səfir bildirib.