Xəzərin kiçilməsinin səbəbi Volqanın Rusiya daxilindəki irriqasiya sistemlərinə yönəldilməsidir - RƏY
- 26 sentyabr, 2025
- 17:52

Xəzər dənizinin kiçilməsinin səbəbi Volqa çayının sularının Rusiya daxilindəki irriqasiya sistemlərinə yönəldilməsidir.
Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra BMT Baş Assambleyasında ilk dəfə, yəni bir növ yeni dövrün Azərbaycanının lideri kimi çıxış etdi:
"Bu baxımdan həmin çıxışı, şübhəsiz ki, tarixi hadisə kimi dəyərləndirmək olar. Dövlət başçısı orada Azərbaycan xarici siyasətinin gündəliyində olan müxtəlif məsələlərə diqqət çəkdi, o cümlədən problemli məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, onlardan biri də Xəzər dənizinin kiçilməsi haqqında oldu".
Mütəxəssis bildirib ki, Xəzərin kiçilməsi ciddi ekoloji problem yaradır:

"Bu, yalnız Azərbaycan yox, Xəzəryanı ölkələrin hamısı üçün ciddi problem hesab olunur. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri o oldu ki, dövlət başçısı Xəzər dənizinin kiçilməsinin səbəbinin obyektiv yox, süni faktorlarla əlaqəli olduğunu ifadə etdi".
M.Məmmədli vurğulayıb ki, son illərdə Xəzərin kiçilməsinin elmi və siyasi dairələrdə geniş müzakirə olunmasına, Azərbaycanın həm rəsmi, həm qeyri-rəsmi səviyyədə həyəcan təbili çalmasına baxmayaraq, problemin qarşısını almaq istiqamətində ciddi addımlar atılmır:
"Belə bir rəy var ki, Xəzərin kiçilməsinin səbəbi Volqa çayı sularının Rusiya daxilindəki irriqasiya sistemlərinə yönəldilməsidir. Məlumdur ki, Xəzər dənizinə suların 70 faizi Volqa çayı ilə gəlir. Volqa çayının suyun irriqasiya sisteminə yönəldilməsi isə onun kiçilməsinə səbəb olur. Azərbaycan təklif edir ki, məsələ Xəzəryanı ölkələrlə ciddi müzakirə olunsun və konkret addımlar atılsın. Dövlət başçısının BMT Baş Assambleyasında da bu məsələyə toxunması ondan xəbər verir ki, Azərbaycan belə ciddi problemi beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmaq istəyir".