ADA Universitetində ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium keçirilib

Elm və təhsil
  • 26 sentyabr, 2025
  • 19:40
ADA Universitetində ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium keçirilib

25-26 sentyabr 2025-ci il tarixlərində ADA Universitetində ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpozium keçirilib. Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə təşkil olunub və yerli ali təhsil müəssisələrinin çoxsaylı nümayəndələrinin iştirakı ilə baş tutub.

"Report" xəbər verir ki, simpozium çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı aktual mövzular və ən son praktikalar üzrə müzakirələr və seminarlar keçirilib.

Açılış nitqi ilə çıxış edən TKTA-nın idarə heyətinin sədri Tural Əhmədov institusional və proqram akkreditasiyası üzrə milli səviyyədə əldə olunan irəliləyişlərdən danışıb. O, keyfiyyətin təminatı sahəsində çalışanların davamlı peşə hazırlığı üçün daha çox imkanların yaradılmasının vacibliyini vurğulayıb və ADA Universitetinin bu simpoziumu təşkil etməsini dəyərli töhfə kimi qiymətləndirib.

Simpozium Azərbaycan universitetlərində beynəlxalq səviyyədə innovasiyaların davamlı və yaradıcı müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbirdə iki gün ərzində milli və beynəlxalq ekspertlər akkreditasiya, keyfiyyətli tədris və təhsil, beynəlxalq reytinqlər, eləcə də insan resurslarının inkişafı üzrə ən son tendensiyaları və öz təcrübələrini bölüşüblər.

Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin həmsədri, məruzəçilərdən biri Frank Niedermeier tədbir zamanı müşahidə etdiyi atmosfer və dinamikadan çox təsirləndiyini bildirib:

"Azərbaycanda keyfiyyətin təminatı cəmiyyətinin necə sürətlə böyüdüyünü və inkişaf etdiyini görmək heyranedicidir. Buna şahidlik etmək çox təsir edicidir və bu simpoziumda iştirak etməkdən keçən il olduğu kimi məmnun oldum - TKTA və ADA Universiteti nə etdiklərini çox yaxşı bilirlər".

ADA Universitetinin Keyfiyyətin təminatı və akkreditasiyası üzrə direktoru Maurus Roller simpoziumun uğurunu belə vurğulayıb:

"İştirakçılar çox həvəsli idilər. Biz hamımız bilirik ki, keyfiyyət təminatı təhsil üçün vacibdir və belə bir tədbir əməkdaşlıq üçün yeni imkanlar yaradır".

ADA Universitetinin tədris işləri üzrə prorektoru Elkin Nurməmmədov qeyd edib: "Keyfiyyət təminatı milli universitetlərimizin və tələbələrin uğurları üçün vacibdir. Tədbirin cəmi iki dəfə keçirilməsinə baxmayaraq, simpoziuma maraq kifayət qədər artıb. Keyfiyyətin təminatı üzrə milli ekspertlərimizin belə yaradıcı və dinamik mühitdə bir araya gəlməsini görmək sevindirici haldır".

Son xəbərlər

Bütün Xəbər Lenti