Tahsin Ertuğruloğlu: Şimali Kipr-Azərbaycan münasibətləri bir il əvvəl təsəvvür edilməyəcək səviyyədə irəliləyib - MÜSAHİBƏ
- 01 dekabr, 2025
- 11:03
Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu "Report"a müsahibəsində Azərbaycanla Şimali Kipr arasında iqtisadi, siyasi, diplomatik münasibətlər, ölkəsinin Türk Dövlətləri Təşkilatındakı (TDT) fəaliyyəti, Yaxın Şərq və Şərqi Aralıq dənizində dəyişən təhlükəsizlik arxitekturasının Şimali Kiprə təsiri və digər mövzular ətrafında sualları cavablandırıb.
-Cənab nazir, ilk olaraq Azərbaycan-Şimali Kipr münasibətlərinin hazırkı səviyyəsi barədə məlumat almaq istərdik. İki ölkə arasında diplomatik təmsilçilik səviyyəsinin artırılması bu gün gündəmdədirmi?
-Bu məsələlər, əlbəttə ki, gündəmimizdədir. Amma nəzərdə almaq lazımdır ki, bizim gördüyümüz işləri, planlarımızı açıqlamağımız heç də faydalı deyil. Çünki yunan tərəfi bunları öyrəndikdən sonra sabotaj etmək üçün əlindən gələni edir. Ona görə də sualınıza konkret bir cavab vermək yerinə, bildirmək istəyirəm ki, Azərbaycan, Şimali Kipr və ana vətən Türkiyə son dərəcə həssas, sağlam və qarşılıqlı sevgi, hörmətə əsaslanan münasibətlərə malikdirlər və bu əlaqələr təkcə rəsmi səviyyədə yox, cəmiyyət səviyyəsində də özünü göstərir.
Məsələn, fikrimcə, indiyədək Azərbaycana gəlməyən bir Kipr türkü qalmayıb. İnsanlarımız buraya böyük bir həvəslə, sanki öz ölkələri kimi gəlirlər. Xarici işlər naziri olaraq Ercan-Bakı xəttinin nə qədər populyar olduğunu, kimlərin daim buraya gəlmək üçün səy göstərdiyini buradakı nümayəndəliyimizin verdiyi məlumatları əsasında bilirik. Yəni çox müsbət və intensiv əlaqələrimiz var, lakin bunu çox şişirdərək hansısa sahədə uğur əldə edirik, nəyisə planlaşdırırıq kimi təqdim etmək bizə ancaq zərər verər.
-Bəs hazırda Azərbaycanla Şimali Kiprin iqtisadi-ticarət əlaqələri hansı vəziyyətdədir?
-Müxtəlif ticarət əlaqələri mövcuddur. Onların da detalları barədə danışmaq istəmirəm, çünki eyni şəkildə digər məsələlərdə olduğu kimi, yunanların bunu da sabotaj etmək təhlükəsi var. Bu gün Kiprdən gəlib Azərbaycanda fəaliyyət göstərən uğurlu bir iş adamımızı ziyarət etdik. Onun fəaliyyətlərini öyrəndik. Tək o yox, bir çox vətəndaşlarımızın burada biznesi var. Kiprdən buraya gəlib burada uğurlu işlər görən insanlarımız çoxdur. Yəni hazırda Azərbaycan–Şimali Kipr əlaqələri bir il əvvəl təsəvvür edilə bilməyəcək qədər müsbət istiqamətdə irəliləyib. Bunu risk altında qoymamalıyıq. Bu barədə nə qədər az danışsaq, əldə edilən uğurların sayı o qədər çox olar.
- Bilmək istərdik ki, Türkiyə–Azərbaycan–Şimali Kipr formatında siyasi, iqtisadi və ya humanitar üçtərəfli əməkdaşlıq mexanizmlərinin yaradılması gündəmdədirmi?
- Müəyyən bir formada- siyasi partiyalar, parlamentlərarası dostluq qrupları və s. səviyyədə bu, baş verir. Ancaq hələ ki rəsmi tanınma nöqtəsində deyilik. Azərbaycan bizim üçün qardaş ölkədir. Prezident İlham Əliyevin Şimali Kiprdə yaxınlığını və dəstəyini unutmaq olmaz. Bütün problemlərə baxmayaraq, böyük bir cəsarət və səmimiyyətlə həm Şimali Kipr Türk Respublikasına, həm də onun Prezidentinə yönələn müsbət yanaşma tətbiq etməsi Kipr türklərinə güc verən məsələdir.
-Maraqlıdır, KKTC-nin Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu qazanmasından sonra hansı praktiki addımlar atılıb? Tamhüquqlu üzvlük məsələsi yaxın gələcək üçün real görünürmü?
-Şimali Kipr Türk Respublikasının tanınma siyasəti hazırda aktiv şəkildə həyata keçirilməsə, Şimali Kiprin TDT-də müşahidəçi üzvlükdən çıxıb tam üzvlüyə keçməsi mümkün deyil. Çünki ölkəmizin təşkilatda tamhüquqlu üzvlüyə keçməsi üçün əvvəlcə üzvlər tərəfindən tanınması lazımdır, bundan sonra Şimali Kiprin üzvlüyündən danışmaq olar.
Əlbəttə ki, üzvlük bizim üçün vazkeçilməz bir hədəfdir. Ancaq hesab edirəm ki, bu yolda tələsməməliyik. Nə qədər tələssək, işi o qədər çətinləşdirərik. Ağılla və səbirlə hərəkət etsək, bütün istəklərimizə nail olarıq. Ruh düşkünlüyünə ehtiyac yoxdur. Bəzilərinin təhriklərinə qapılmağa ehtiyac yoxdur. Dediyim kimi, ən önəmli şey qərarlı, səbirli, ağıllı olmaq və hara getmək istədiyimizi bilməkdir.
-Sizcə, Kipr problem ilə bağlı BMT çərçivəsində aparılan proseslərin nəticəsiz qalmasının səbəbi nədir?
- Hər şeydən əvvəl bir məsələyə aydınlıq gətirmək lazımdır ki, Kipr məsələsini çətinə salan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) özüdür. Yəni BMT TŞ öz qərarı ilə Kipr məsələsini həll edilməz bir nöqtəyə gətirib çıxarıb. Kipr problemi nədir? Kipr problemi rum tərəfinin Kipr Respublikası kimi qəbul edilməsidir. Bəs yunan tərəfinə bu üstünlüyü verən kimdir? Təbii ki, BMT Təhlükəsizlik Şurası. Yəni Təhlükəsizlik Şurası Kipr məsələsində həlli həyata keçirəcək bir təsisat deyil. Əksinə, problemi yaradan bir qurumdur və bu səhvindən geri dönmək kimi bir niyyət hazırda görünmür. BMT Təhlükəsizlik Şurasının Kipr məsələsi ilə bağlı qəbul edilmiş qərarları var və hazırda bu qərarlardan istifadə edərək üzv ölkələrin Şimali Kipr Türk Respublikasını tanımasını əngəlləyən bir BMT yanaşması mövcuddur.
-Azərbaycan və Türkiyə tərəfindən müxtəlif dövrlərdə BMT-də islahatlara ehtiyac olduğu bildirilib. Sizcə, bu islahatlar həyata keçirilərsə, Şimali Kiprlə bağlı yanaşma dəyişə bilərmi?
-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" cümləsini hamı bilir. Bu, çox doğrudur. BMT-nin yeni bir dünya düzənində yeni bir mövqeyə gəlməsinin vacib olduğu mübahisəsizdir. Bəs bu, asan bir prosesdirmi? Fikrimcə, deyil. Çünki əlində güc olan heç kim bunu əldən buraxmaq və başqaları ilə bölüşmək istəmir.
Təhlükəsizlik Şurası dediyimiz qurum dünyada sülhü təmin etmək üçün yaradılan bir birlik idi. Amma o bunun əvəzinə, bizim üçün problemlər yaratdı. Hazırda elə bir oyun oynanılır ki, sanki BMT TŞ Kipr problemini həll etməyə çalışır və biz buna əngəl oluruq.
Kipr məsələsində BMT-nin qəbul etdiyi bir-iki qərar var ki, bu qərarlar illərdir sanki məcburi qərarlarmış kimi istifadə edilərək, ölkələrin Şimali Kipri tanımasına mane olur. Halbuki həmin qərarların heç biri məcburi deyil, hamısı tövsiyə xarakterlidir. Türkiyə bunu əməl etməməkdə sərbəstdir. Türkiyə bu gün Şimali Kipr Türk Respublikasını tanıyır, ölkəmizə səfir göndərir. Bu fonda Birləşmiş Millətlər Təşkilatının Türkiyəni cəzalandırma kimi bir addımını heç kim görməyib və görə də bilməz. Çünki qərarlara əməl edib-etməmək ölkələrin öz iradələri ilə bağlıdır. Amma böyük güclər, yəni BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü BMT-nin Kipr məsələsində qəbul etdiyi yanlış qərarları öz təsir dairəsində olan ölkələr çərçivəsində istifadə edir və Şimali Kiprin tanınmasının qarşısını faktiki olaraq alır.
-Şimali Kiprin beynəlxalq təcriddən çıxması üçün prioritet diplomatik strategiyanız nədir?
-Təcridolunmadan xilasın nümunələrdən biri Türk Dövlətləri Təşkilatındakı müşahidəçi üzvlüyümüzdür. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında müşahidəçi üzvük. Yəni addım-addım irəliləyirik, bu cür çətinliklərdən bir gecədə qurtulmaq mümkün deyil. Bunlar zaman tələb edən, konyukturaların inkişafına bağlı olan münasibətlərdir. Tanınmağımız üçün nə etməli olduğumuzu bilməliyik. Hər şeydən əvvəl qətiyyətli olmalıyıq. Mübarizəmizin doğruluğuna inanmalı, ağıllı və səbirli olmalıyıq. Bunlarla yanaşı, hər cür qarşılığını verməyə hazır olduğumuzu göstərməliyik. Bunları etdiyimiz təqdirdə, əlbəttə, bir gün Şimali Kipr Türk Cümhuriyyəti dünya dövlətləri arasında layiq olduğu yeri alacaq. Buna heç bir şübhəmiz yoxdur.
-Yaxın Şərq və Şərqi Aralıq dənizində dəyişən təhlükəsizlik arxitekturası Şimali Kiprə necə təsir edir?
-Türkiyə bizim arxamızda olduğu müddətcə – ilk gündən bu günə qədər və bu gündən əbədiyyətə qədər arxamızdadır – heç kim bizə zərər verə bilməz. Türk Silahlı Qüvvələrinin gücünə arxayınıq, bizimlə birlikdədir. Bu, bizim üçün ən böyük təminatdır. Rum tərəfi silahlanır, doğrudur. Boş yerə özlərini aldadırlar. Bunun cavabını çox ağır ödəyərlər, peşman olarlar. Çünki atacaqları hər-hansı bir hərbi addım nəticə verməyəcək. Türk Silahlı Qüvvələri Kipr adasının heç vaxt yunan adasına çevrilməsinə icazə verməz. Türkiyə hər zaman Kipr türk xalqının arxasındadır və Kipr türk xalqı heç kimin təhlükəsizliyi üçün təhdid deyil. Türk Silahlı Qüvvələrinin adadakı mövcudluğu da heç kimin təhlükəsizliyinə təhdid deyil, amma başqalarının Kipr türklərinə yaratdığı təhdidə qarşı vacib qüvvədir. Adada bir sülh mühiti varsa, bu, Türk Silahlı Qüvvələrinin adadakı mövcudluğu hesabınadır. Bunun dəyərini bilsinlər. Bunu yoxlamaq istəsələr, buyursunlar.
-Son olaraq Şimali Kipr Prezidentinin Azərbaycana səfəri barədə məlumat almaq istərdik. Yaxın gələcəkdə belə bir səfər gözlənilirmi?
-Belə bir səfərin baş tutacağına əminəm. Şimali Kiprdə vəzifəyə yeni gələn Prezident ilk səfərini mütləq Türkiyəyə edir. Türkiyədən də ilk səfər Şimali Kiprə edilir. Şimali Kipr Prezidentinin ziyarətində önəmli sırada Azərbaycan da dayanır. Dolayısı ilə Türkiyədən sonra, əminəm ki, yeni Prezident Bakıya da səfər edəcək. Bu səfər nə qədər yaxın dövrdə olsa, bir o qədər yaxşıdır.