Səfir: Azərbaycanın Cənubi Qafqazda təşəbbüslərini xarici təsirlərin məhdudlaşdırılması kimi qəbul edirik - MÜSAHİBƏ

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 11:00
Səfir: Azərbaycanın Cənubi Qafqazda təşəbbüslərini xarici təsirlərin məhdudlaşdırılması kimi qəbul edirik - MÜSAHİBƏ
Milan Sedlaçek

Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek "Report"a müsahibəsində iki ölkə arasında siyasi dialoqun inkişaf dinamikası, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri, Azərbaycan-Avropa İttifaqı münasibətləri, Cənubi Qafqazda sülh prosesi, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu və digər bir sıra məsələlər ətrafında sualları cavablandırıb.

- Cənab səfir, bu il Azərbaycan və Çexiya diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edir. İki ölkə arasında siyasi dialoqun dinamikası son illərdə hansı istiqamətdə inkişaf edib və gələcəkdə bu əlaqələrin daha da dərinləşməsi üçün hansı addımlar atıla bilər?

- Son illərdə Azərbaycan və Çexiya arasında siyasi dialoq yüksək səviyyədə intensiv təmaslar və qarşılıqlı iqtisadi maraqlara fokuslanma yolu ilə olduqca dinamik və müsbət şəkildə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Baş naziri Petr Fiala ilə ildə bir neçə dəfə qeyri-rəsmi görüşür. Həmçinin Bakıda keçirilən COP29 konfransı çərçivəsində də ikitərəfli danışıqlar aparılıb. Bunlarla yanaşı, innovasiya və yaşıl iqtisadiyyat sahəsində layihələrlə məşğul olan müştərək işçi qruplarının fəaliyyəti, daha intensiv mədəni mübadilələr və çoxtərəfli platformalardan istifadə münasibətlərin dərinləşdirilməsinə töhfə verə bilər.

- Bəs Avropa İttifaqının üzvü kimi Çexiya Azərbaycanın Aİ ilə əməkdaşlığını necə qiymətləndirir? Sizcə, enerji tərəfdaşlığından kənar hansı sahələrdə Aİ–Azərbaycan münasibətlərində yeni mərhələyə keçid mümkündür?

- Aİ-nin üzvü olaraq Çexiya Azərbaycanın Aİ ilə əməkdaşlığını, xüsusilə də qlobal çağırışlar kontekstində enerji təchizatının diversifikasiyası baxımından strateji əhəmiyyətli hesab edir. Enerjidən başqa, potensial yeni sahələrə isə nəqliyyat infrastrukturu (məsələn, Orta Dəhlizin inteqrasiyası), bərpa olunan enerji mənbələrindən enerji ixracı və Azərbaycanın yaşıl ambisiyalarının Aİ-nin dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdığı rəqəmsal innovasiya daxildir.

- Regionda son illərdə baş verən geosiyasi dəyişikliklər, o cümlədən Cənubi Qafqazda sülh prosesinin irəliləməsi fonunda Çexiya Azərbaycanın regional sabitlik və əməkdaşlıq təşəbbüslərinə necə baxır?

- Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş də daxil olmaqla geosiyasi dəyişikliklər kontekstində Çexiya Azərbaycanın Cənubi Qafqazda sabitliyə yönəlmiş təşəbbüslərini regional rifah üçün əsas və xarici təsirlərin məhdudlaşdırılması kimi qəbul edir. Buraya iqtisadi inteqrasiyanı təşviq edən və Çexiya ilə Azərbaycan arasında əlaqələri gücləndirmək üçün bir fürsət kimi görülən bağlantı layihələrinə dəstək də daxildir.

- Azərbaycan və Çexiya arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının nə vaxt və harada keçirilməsi planlaşdırılır? Həmçinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçiriləcəyi tarixi və məkanı da bilmək istərdik.

- Bildiyiniz kimi, Çex Respublikasında seçkilər keçirilib və bütün sonrakı addımları müəyyənləşdirəcək yeni hökumət hələ formalaşdırılmayıb. Ancaq biz hər iki tədbirin növbəti il ərzində baş tutacağını gözləyirik.

- Cənab səfir, Azərbaycan və Çexiya beynəlxalq təşkilatlar daxilində necə əməkdaşlıq edirlər? Gələcəkdə bu əməkdaşlığın gücləndirilməsi üçün hansı perspektivlər mövcuddur?

- Hər iki ölkə BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində fəal şəkildə əməkdaşlıq edir. Qlobal təhlükəsizlik, davamlı inkişaf və iqlim təşəbbüsləri sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regional sabitlik və enerji təhlükəsizliyi məsələlərində mövqelərin koordinasiyası üçün böyük potensial mövcuddur.

Yeni əməkdaşlığa yaxşı bir nümunə hazırda Azərbaycanın sədrlik etdiyi, Çexiyanın isə birinci vitse-sədr olduğu Beynəlxalq Nəqliyyat Forumudur. Qeyd edim ki, Beynəlxalq Nəqliyyat Forumu nəqliyyatın bütün növləri ilə məşğul olan yeganə qlobal qurumdur. BTF inzibati cəhətdən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) inteqrasiya olunub, lakin siyasi cəhətdən müstəqildir.

- Maraqlıdır, Çexiya Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminindəki perspektivlərini necə qiymətləndirir?

- Çex Respublikası Cənub Qaz Dəhlizini enerji təchizatının diversifikasiyasına əhəmiyyətli dərəcədə töhfə verən və tək mənbədən asılılığı azaldan strateji layihə hesab edir. Onun daha da inkişaf etdirilməsi Avropanın enerji dözümlülüyünün və sabitliyinin gücləndirilməsi üçün vacibdir.

- Son illər Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırır. Bilmək istərdik ki, Çexiya Azərbaycanla hidrogen texnologiyaları və yaşıl enerji sahəsində əməkdaşlığa nə dərəcədə maraqlıdır?

- Çex Respublikasının yenilənmiş Milli Enerji və İqlim Planının məqsədi 2030-cu ilə qədər yekun enerji istehlakında bərpa olunan enerji mənbələrinin payını 30,1%-ə çatdırmaqdır (2024-cü ildə bu göstərici 18.6% olub). Buna görə də Çex şirkətləri bərpaolunan enerji layihələri üçün layihələndirmə, mühəndislik xidmətləri və yüksək keyfiyyətli avadanlıq istehsalı kimi sahələrdə töhfə verməyə hazırdır.

Hidrogenlə bağlı məsələlərə gəldikdə Çex Respublikası ölkədə ötürücü sistem operatoru olan NET4GAS vasitəsilə, müştərilərinə ümumi uzunluğu 4 min kilometrdən çox olan qaz kəmərləri şəbəkəsi (əsasən, hidrogen) ilə qənaətcil, təhlükəsiz və etibarlı ötürmə xidmətləri təqdim edir. Avropanın mərkəzində yerləşməsi hesabına Çexiya hidrogen idxalı üçün Avropada beş əsas nəqliyyat dəhlizindən üçünü istifadə edə bilər. Bunlar Şimali Afrika və Cənubi Avropa dəhlizi, Şərqi və Cənub-Şərqi Avropa dəhlizi, eləcə də Skandinav-Baltikyanı ölkələr dəhlizidir.

Çex şirkətləri hidrogen sahəsində də geniş imkanlara malikdir və bütün təchizat zəncirində iştirak edə bilərlər. Belə ki, biz hidrogenin saxlanması və daşınması üçün çənlər və ya təzyiq silindrləri, eləcə də yanacaq elementlərinin sınağı üçün fitinqlər və ya avadanlıq istehsalını təklif edirik.

- Çex şirkətlərindən biri artıq Azərbaycanda su elektrik stansiyasının modernləşdirilməsində iştirak edib. Bu istiqamətdə hansı konkret nəticələr əldə olunub? Yeni layihələr planlaşdırılırmı? Çex şirkətləri hansı digər infrastruktur və ya enerji layihələrində iştirak edə bilər?

- Modernizasiya layihəsi hidroelektrik stansiyasının səmərəliliyini artırıb və istismar müddətini uzadıb. Hazırda bərpaolunan enerji mənbələri sahəsində və paylayıcı şəbəkənin modernizasiyası ilə bağlı yeni layihələr nəzərdən keçirilir. Çex şirkətləri ağıllı şəbəkələrin qurulması və qabaqcıl enerji saxlama sistemləri daxil olmaqla infrastrukturun inkişafında iştirak edə bilər. Çex Respublikası həmçinin bərpaolunan enerji mənbələri, o cümlədən bioenerji, tullantıların istifadəsi və tullantıların idarə edilməsi sahəsində öz təcrübəsi və texnologiyalarını bölüşməyə hazırdır.

- Azərbaycan hazırda batareya enerji saxlama sistemlərinin inkişafı imkanlarını fəal şəkildə araşdırır. Son olaraq bilmək istərdik ki, Çex şirkətləri bu istiqamətdə hansı həllər təklif edə bilər? Çexiya batareya texnologiyalarının inkişafı və onların ölkənin enerji sisteminə inteqrasiyası sahəsində əməkdaşlıq perspektivi olduğunu düşünürmü?

- Hazırda Çexiyada gücü onlarla meqavat-saat olan və enerji balanslaşdırma xidmətləri üçün nəzərdə tutulan çoxsaylı batareya saxlama obyektlərinin tikintisinə başlanılıb. Çex Respublikasında batareya saxlama sistemlərinin qoşulması üçün hələ də əhəmiyyətli şəbəkə tutumu mövcuddur. Çexiya bu gün bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin istehsalı, saxlanması və istifadəsi üçün kompleks həllər təklif edə bilər. Bu sahədə nümunə kmi ağıllı enerji idarəetmə platforması olan "EMS Podium"u göstərmək olar.

Son xəbərlər

Bütün Xəbər Lenti