Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna hücum nəticəsində dəyən zərəri qiymətləndirir
- 04 dekabr, 2025
- 11:53
Qazaxıstan hökuməti noyabrın 29-da dəniz dronları ilə Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminə edilən hücum nəticəsində dəymiş zərəri qiymətləndirir.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə energetika nazirinin müavini Yerlan Akbarov hücumun nəticələrini şərh edərkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, vəziyyət hökumətin xüsusi nəzarəti altındadır, lakin Qazaxıstan neftinin CPC ilə tranziti dayanmayıb:
"Bir yanalma körpüsü tam qaydada işləyir, ikinci körpü isə sistemə qoşulur. Hazırda nəqllə bağlı heç bir məhdudiyyət yoxdur".
Nazir müavini əlavə edib ki, hazırda mütəxəssislər yanalma qurğusuna dəymiş zərəri hesablayırlar.
Ukrayna tərəfi ilə mümkün təmaslara gəlincə, Y.Akbarov qeyd edib ki, bu məsələ Xarici İşlər Nazirliyinin səlahiyyətindədir və onun üzərində artıq iş gedir.
Xatırladaq ki, hücum noyabrın 29-da Astana vaxtı ilə saat 06:06-da baş verib. Ekipajsız katerlər CPC-nin Novorossiyskdəki dəniz terminalında yanalma qurğusunu zədələyib.