Sahibə Qafarova: Ermənistan vaxtilə işğal altında olan Azərbaycan ərazilərinə çoxlu mina yerləşdirib
- 20 oktyabr, 2025
- 16:35

Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə Ermənistan tərəfindən həmin ərazilərə çoxlu sayda minalar yerləşdirilib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən "Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi" mövzusunda müzakirələrdə çıxışı zamanı deyib.
O qeyd edib ki, 2020-ci ildən indiyədək minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb:
"Bu minalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur - torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbit torpaqların becərilməsinin qarşısını alır".
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan üçün humanitar minatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf mühitin bərpası aktıdır.
Çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı davamlı inkişaf və "yaşıl prinsiplər"in inkişafın hər bir mərhələsinə inteqrasiya etdiyini vurğulayan spikerin bildirdiyinə görə, həmin ərazilərdə bərpanın ətraf mühitin yenilənməsi ilə paralel getməsini təmin etmək üçün yeni "ağıllı kəndlər" və "yaşıl enerji zonaları" yaradılır.
O deyib ki, humanitar bərpa və ekoloji tarazlıq birlikdə inkişaf etməlidir.
Sahibə Qafarova assambleyada daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib:
"Münaqişə illərində 4 000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır. Azərbaycan bu çağırışla mübarizəni dəstəkləmək məqsədi ilə humanitar minatəmizləməni özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib və digər ölkələri də oxşar yanaşmanı nümayiş etdirməyə dəvət edir. Bundan başqa, Azərbaycan humanitar minatəmizləmə üzrə beynəlxalq konfranslar təşkil edir və ideyaların və qabaqcıl təcrübələrin mübadiləsi üçün dəyərli platforma təmin edən "İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu"nu təsis edib".
Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir.