Özbəkistan XİN: Daşkənd və Bakı 2026-cı il üçün zəngin gündəlik planlaşdırır - EKSKLÜZİV

Xarici siyasət
  • 30 sentyabr, 2025
  • 10:39
Özbəkistan XİN: Daşkənd və Bakı 2026-cı il üçün zəngin gündəlik planlaşdırır - EKSKLÜZİV

Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün ikitərəfli münasibətlərin gündəliyi bütün səviyyələrdə tədbirlərlə zəngin olacaq.

Bunu "Report"a açıqlamasında Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ahror Burxanov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq misli görünməmiş templə inkişaf edir və bütün sahələri əhatə edir: "Elə bir sahə yoxdur ki, orada nəzərəçarpan irəliləyiş müşahidə etməyək. Azərbaycan bizim müttəfiqimizdir və bu, dövlətlər arasında münasibətlərin ən yüksək səviyyəsidir. Biz qardaş ölkə ilə bu cür müsbət dinamikadan çox məmnunuq", - A.Burxanov vurğulayıb.

Onun sözlərinə görə, bu il həmçinin yüksək səviyyədə danışıqlar və görüşlər keçirilib, nümayəndə heyətlərinin mübadiləsi intensivləşib ki, bu da ticari-iqtisadi inkişafa böyük təkan verir. İki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların nəticəsi olaraq media forumunun keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir.

"Qardaş Azərbaycanla müttəfiqlik və dostluq münasibətlərinin inkişafı Özbəkistan üçün başlıca prioritetlərdən biridir. Bu əlaqələr dərin tarixi köklərə, oxşar mədəni ənənələrə, dinə və dilə əsaslanır", - mətbuat katibi qeyd edib.

A.Burxanov vurğulayıb ki, gələn il üçün tədbirlər qrafiki zəngin olacaq: iki ölkənin xarici işlər nazirləri, müxtəlif nazirlikləri və digər qurumları səviyyəsində tədbirlər planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti