Qvineya-Bisauda insanların hərəkəti ilə bağlı məhdudiyyətlər ləğv edilib

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 23:44
Qvineya-Bisauda insanların hərəkəti ilə bağlı məhdudiyyətlər ləğv edilib

Noyabrın 26-da Qvineya-Bisauda hakimiyyətə gələn hərbçilər ölkə ərazisində insanların hərəkəti ilə bağlı əvvəlki məhdudiyyətlərin və komendant saatının noyabrın 28-dən etibarən ləğv olunduğunu elan ediblər.

"Report"un məlumatına görə, bu barədə Ali Hərbi Komandanlığın (AHK) Milli Televiziya vasitəsilə yayımlanan bəyanatında qeyd olunub.

"26 noyabr 2025-ci il hadisələrindən sonra ölkə yollarında insanların və yüklərin hərəkətinə məhdudiyyətlər tətbiq edilmiş, gecə vaxtı komendant saatı elan olunmuşdu, – deyə AHK bildirir. – Ölkə prezidentinin keçid dövrü üçün and içməsi və qaydanın bərpası məqsədilə Ali Hərbi Komandanlığın yaradılması ilə insanların və yüklərin hərəkəti, həmçinin dövlət müəssisələrinin və özəl şirkətlərin normal fəaliyyətinin bərpası üçün şərait formalaşdı. Yaranmış vəziyyəti təhlil edərək, AHK 28 noyabrdan etibarən bütün əvvəlki məhdudiyyətlərin ləğv olunduğunu elan etmək qərarına gəldi".

Bəyanatda həmçinin qeyd olunub ki, sabiq prezident Umaru Sisoku Embalo, daxili işlər və ictimai asayiş naziri Botçe Kande, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Biage Na Ntan və onun müavini general-leytenant Mamadu Ture sağlamdırlar, lakin AHK tərəfindən həbsdə saxlanılırlar.

AHK-nın məlumatına görə, yaxın vaxtlarda Qvineya-Bisauda keçid hökuməti yaradılacaq.

Komandanlıq ölkədə sakitlik və sabitliyi poza biləcək yürüşlərin, etirazların, nümayişlərin və digər fəaliyyətlərin qadağan olunduğunu bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti