Rubio Avropa ölkələrinə Ukrayna ilə bağlı söz verib
- 28 noyabr, 2025
- 00:39
ABŞ dövlət katibi Marko Rubio Avropa nümayəndələrini əmin edib ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə dayandırılması üzrə danışıqlarda Avropa ölkələrinə birbaşa təsir edən məsələlər müzakirə olunmayacaq.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, Cenevrədə Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar zamanı Rubio təkbətək avropalılara deyib ki, Qərb dövlətlərinə birbaşa təsir edən məsələlər davam edən müzakirələrə daxil edilməyəcək.
Bununla belə, İsveçrədəki danışıqlar ərəfəsində ABŞ-nin ordu katibi Daniel Driskoll avropalılarla söhbətində onların müzakirələrdən kənarda qalmasına işarə edib.
Katib hesab edir ki, Avropa təmsilçiləri ukraynalı həmkarları ilə çox yaxınlaşıblar. Bu da münaqişəni obyektiv qiymətləndirməkdə problem yaradır.