Niderlandda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
- 27 sentyabr, 2025
- 11:16

Azərbaycanın Niderlanddakı Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar bədii-musiqili xatirə gecəsi təşkil olunub.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə diplomatik korpusun, Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Anım Gününün xalqın müasir tarixindəki xüsusi yerindən bəhs edib. Diplomat qeyd edib ki, bu əlamətdar gün Vətən uğrunda canını fəda etmiş şəhidlərin əbədiyaşar xatirəsinə ehtiramın, xalqımızın qəhrəmanlıq irsinə sədaqətinin parlaq təcəssümüdür.
Tədbirdə çıxış edən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elsevər Məmmədov Azərbaycan Ordusunun bu müqəddəs mübarizədə göstərdiyi qəhrəmanlığın ölkə tarixinin şanlı səhifəsi olduğunu deyib. Avropada yaşayan soydaşlar olaraq, bu haqq və ədalət mübarizəsində daim dövlətin və xalqın yanında olduqlarını, haqq səsinin duyurulması istiqamətində ardıcıl fəaliyyət göstərdiklərini, şəhidlərin xatirəsini ehtiramla andıqlarını vurğulayıb.
Tədbir çərçivəsində nümayiş etdirilən Anım Gününə, Prezident İlham Əliyevin fikirlərinə, 44 günlük Vətən müharibəsinə və şəhidlik zirvəsinə ucalan qəhrəmanlara həsr olunmuş videoçarxlar, eləcə də Niderlandda yaşayan Azərbaycanlı və türk musiqiçilərinin canlı ifasında səslənən Azərbaycan, Türkiyə və dünya bəstəkarlarının əsərlərindən ibarət bədii-musiqli proqram mərasimin emosional təsirini daha da gücləndirərək iştirakçılara unudulmaz anlar yaşadıb.