Marneulidə "Zəfərə gedən yol" adlı tədbir keçirilib
- 27 sentyabr, 2025
- 13:08

Marneuli şəhərində (Gürcüstan) "Zəfərə gedən yol" adlı Anım Günü tədbiri keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Marneuli şəhərində azərbaycanlıların sıx yaşadığı ərazidə "Azərbaycan Evi"nin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş "Zəfərə gedən yol" adlı tədbir keçirilib.
Tədbir eyniadlı tamaşanın təqdimatı ilə başlayıb və Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhərin G. Mazniaşvili küçəsi 3 ünvanında keçirilən mərasimdə Marneuli meriyasının nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, din xadimi Əziz Quliyev, keçmiş parlament üzvü Azər Süleymanov, Gürcüstan müsəlmanları idarəsinin müftisi Etibar Eminov, idman ictimaiyyətinin nümayəndələri Əli Qənbərov və Faiq Məmmədov, saz sənətinin tanınmış simaları və icma üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan səfiri Faiq Quliyev bildirib ki, Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. O, həmçinin vurğulayıb ki, Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Səfir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə və ondan sonrakı müddətdə həmişə Azərbaycana mənəvi dəstək göstəriblər və Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidələrindən asılı olmayaraq Azərbaycanla həmrəylik nümayiş etdiriblər.
"Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov çıxışında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini vurğulayıb. O, Gürcüstanda yaşayan soydaşlarımızın da şəhidlərin xatirəsini daim əziz tutduğunu qeyd edib.
Sonra Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, sabiq deputat Azər Süleymanov və digər çıxışçılar xalqımızın Vətən müharibəsindəki qəhrəmanlığı barədə fikirlərini bölüşüblər.