Edlam Yemeru: Bakının WUF13 üçün seçilməsi ciddi rəqabətli seçimin nəticəsidir
- 17 noyabr, 2025
- 15:06
Azərbaycan dayanıqlı şəhər inkişafının parlaq və ardıcıl baxışını, həmçinin mənzil təminatı sahəsində əhəmiyyətli irəliləyişlər nümayiş etdirir.
"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramında ("Un-Habitat") xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktor Edlam Yemeru tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
"Un-Habitat"ın nümayəndəsinin sözlərinə görə, Bakının 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək şəhər kimi seçilməsi ciddi və rəqabətli seçim prosesinin nəticəsidir: "Forumu keçirmək istəyən şəhərlər, ölkələr müraciət və konsepsiyalarını "UN-Habitat"a göndərirlər, bundan sonra hərtərəfli qiymətləndirmə aparılır. Əsas meyarlar kimi dayanıqlı şəhər inkişafına sadiqliklə yanaşı, əlçatan mənzil təminatı sahəsində siyasət, həmçinin infrastruktur və logistika baxımından iştirakçıları qəbul etmək imkanları çıxış edir".
O bildirib ki, Azərbaycan dayanıqlı şəhər inkişafının güclü baxışını və mənzil təminatı sahəsində irəliləyişlər nümayiş etdirir: "Bakı Ümumdünya Şəhərsalma Forumu üçün unikal şəhər və unikal məkandır. Burada mədəniyyət müasirlik ilə harmonik şəkildə uyğunlaşır, ənənələr isə innovasiyalarla birləşir".
"Un-Habitat"ın nümayəndəsi qeyd edib ki, forum təkcə Azərbaycan üçün deyil, bütün Mərkəzi Asiya regionu üçün mühüm imkanlar yaradır: "Bu, dünya ictimaiyyətinə yerli təcrübə və həlləri nümayiş etdirmək, digər ölkələrlə tərəfdaşlığı möhkəmləndirmək və şəhərlərin dayanıqlı inkişafı və mənzillərə əlçatanlığın artırılması sahəsində birgə təşəbbüsləri irəli sürmək imkanıdır. Forum ölkənin və regionun şəhər planlaşdırması və mənzil təminatı sahələrində siyasətin formalaşmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək".