BP: "Qarabağ" yatağında tammiqyaslı işlər ilin sonunadək yekunlaşdırılacaq

Energetika
  • 17 noyabr, 2025
  • 16:45
BP: Qarabağ yatağında tammiqyaslı işlər ilin sonunadək yekunlaşdırılacaq

"Qarabağ" neft yatağında bu ilin sonunadək tammiqyaslı işlər proqramının yekunlaşdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Qarabağ" yatağı üzrə işlərdə növbəti mərhələyə keçid üçün hazırlıq aparılır:

"İlin sonunadək tammiqyaslı işlər proqramını tamamlamayı planlaşdırırıq. Proqram yekunlaşdıqdan sonra gələn il seysmik tədqiqatlara başlayacağıq. Həmin tədqiqatlar bitdikdən sonra yatağın gələcək işlənməsi ilə bağlı konkret konsepsiya və planları təqdim edəcəyik".

B. Aslanbəyli əlavə edib ki, konsepsiya təsdiqləndikdən sonra "Qarabağ" yatağından həm neft, həm də qaz hasil olunacaq.

Qeyd edək ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu layihədə iştirak payının alınmasına dair müqavilələr imzalayıb. "Qarabağ" yatağı, Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşir.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti