BP Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək verib

Energetika
  • 17 noyabr, 2025
  • 16:20
BP Azərbaycanda psixoloji reabilitasiya sahəsində təhsilə dəstək verib

Bu gün BP şirkəti daha bir beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib.

"Report"un məlumatına görə, bununla da BP-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr etdiyi kitabların ümumi sayı 30-a çatıb.

Bu layihə şirkətin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və BP-nin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq yönümündə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.

Yeni tərcümə olunmuş "PTSP hallarında koqnitiv işlənmə terapiyası: Müfəssəl vəsait" kitabı posttravmatik stres pozuntusu (PTSP) halları zamanı koqnitiv işlənmə terapiyası (KİT) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Patrisiya A. Resik, Kendis M. Monson və Ketlin M. Çard tərəfindən yazılmış bu kitab psixologiya fakültələri və stres travmasının reabilitasiyası ilə məşğul olan səhiyyə təşkilatları üçün dəyərli bir resurs kimi tövsiyə olunur.

KİT beynəlxalq səviyyədə PTSP-nin müalicəsi üçün qabaqcıl praktikaya çevrilmiş bir metod kimi tanınır və artıq Azərbaycanda da travma hallarında psixoloji yardım üzrə ixtisaslaşan peşəkar psixoloqların hazırlanması üçün istifadə olunur. Kitab KİT metodunun müharibə veteranları da daxil olmaqla spesifik qruplara uyğunlaşdırılmasına yönəlib. Bu da onu Azərbaycanda müharibə stresi ilə bağlı travmalar məsələsinin həlli baxımından xüsusilə aktual edir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli düşünür ki, bu kitab müharibə stresi və digər stres travmalarından əziyyət çəkən insanların reabilitasiyası üçün çox vacib mənbədir: "Kitabın nəşrinə dəstək verməklə biz Azərbaycanda psixoloji reabilitasiyanın, o cümlədən emosional və psixoloji travma yaşamış insanların əqli sağlamlığının reabilitasiyasının sürətləndirilməsinə kömək etmək istəmişik. Bu nəşr stres travması yaşayan insanlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılmasına, eləcə də PTSP-u olan şəxslər və onların ailə üzvlərinin bu sahədə maariflənməsinə də kömək edəcək."

Kitab təhsil müəssisələrinə, psixologiya fakültələrinə və stres travması reabilitasiyası ilə məşğul olan tibb müəssisələrinə BP-nin hədiyyəsidir.

Bu kitabın tərcüməsi və nəşri təşəbbüsü beynəlxalq xeyriyyə təşkilatı olan "For Azerbaijan" tərəfindən həyata keçirilən və həssas qruplar üçün dayanıqlı həllər təmin etmək məqsədi daşıyan "Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının Gücləndirilməsi" adlı geniş əhatəli layihənin bir hissəsidir. Kitabın tərcümə və nəşr xərcləri üçün BP-nin maliyyə dəstəyi 19 700 manat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti