Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə ikitərəfli əlaqələri müzakirə edib - YENİLƏNİB
- 25 noyabr, 2025
- 20:03
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq məsələlər, habelə beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi naminə son zamanlar yüksək səviyyəli səfərlərin artan dinamikasının qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə, Azərbaycan Prezidentinin Vatikana rəsmi səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın cari ilin oktyabr ayında Müqəddəs Taxt-Taca baş tutmuş səfəri və səfər çərçivəsində həyata keçirilmiş görüşlərin və tədbirlərin əhəmiyyəti vurğulanıb.
Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlanıb. Mehriban xanım Əliyevanın Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası və tədqiqat mərkəzi olan "Bambino Gesu"nu ziyarəti və ölkəmizlə bu sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub.
Bununla yanaşı, Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfərləri, Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi və hal-hazırda kilsənin tikilməsi məmnunluqla xatırlanıb.
2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin münasibətlərin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər haqqında danışılıb.
Azərbaycanın müxtəlif din və mədəniyyətlərin bir arada yaşadığı ölkə kimi apardığı uğurlu siyasətin beynəlxalq sülhə və anlaşmaya töhfəsi qeyd edilib.
Bununla yanaşı, qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə olunub, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və təşəbbüsləri barədə qarşı tərəfə məlumat verilib. Bununla yanaşı, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin inkişafında rolu, Orta Asiya ölkələri ilə əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Nazir görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı inkişaflar barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallager (Paul Richard Gallagher) ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər inkişaf etməkdə olan Azərbaycan-Vatikan münasibətlərini nəzərdən keçirib, konstruktiv dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşmanın, eləcə də qlobal sülh təşəbbüslərinin təşviqi istiqamətində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Həmçinin siyasi dialoqun daha da gücləndirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də birgə beynəlxalq layihələrin irəlilədilməsi məqsədilə yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan ərazisində həyata keçirilən dini və mədəni irsin qorunması və bərpasına dair uğurlu layihələri müzakirə edərək bunun dünya dini və mədəni irsinin mühafizəsinə mühüm töhfə olduğunu vurğulayıblar.
Azərbaycanın dini abidələrin qorunmasına və multikulturalizmin təşviqinə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uzun illərdir sadiqliyi də xüsusi vurğulanıb.
Görüşdə həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan irəliləyiş, Vaşinqton sammitində imzalanmış tarixi razılaşmaların icrası və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri diqqət mərkəzində olub.
In the framework of his official visit to the Vatican, Minister of Foreign Affairs @Bayramov_Jeyhun of the Republic of Azerbaijan 🇦🇿 met with Archbishop Paul Richard Gallagher, Secretary for Relations with States & International Organizations of the Holy See 🇻🇦.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 25, 2025
The sides… pic.twitter.com/9gdSRs1dkF