Makron: "İstəklilər koalisiyası" Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə işçi qrupu yaradacaq

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 21:58
Makron: İstəklilər koalisiyası Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə işçi qrupu yaradacaq

Fransa və Böyük Britaniya "istəklilər koalisiyası"nın bazasında Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi qrup yaradacaq, bu prosesdə Türkiyə və ABŞ də iştirak edəcək.

"Report"un məlumatına görə, bunu koalisiya iclasının yekununda Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

"Biz qərara gəldik ki, sabahdan etibarən Fransa və Böyük Britaniyanın rəhbərliyi altında dəniz sahəsində əsas rol oynayan Türkiyənin sıx iştirakı və ilk dəfə olaraq ABŞ-nin də qatılması ilə işçi qrup fəaliyyətə başlasın", – deyə Fransa lideri bildirib. Onun çıxışının yayımı Yelisey sarayının "X" sosial şəbəkə səhifəsində aparılıb.

Makronun fikrincə, istənilən təcavüzün qarşısını almaq üçün lazım olan Ukrayna ordusunun sayı məhdudlaşdırılmamalıdır. "Bundan başqa, ikinci xəttdə Ukrayna ordusunu gücləndirəcək ehtiyat qüvvələr mövcud olmalıdır", - o əlavə edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl bəyan edib ki, Moskva heç bir halda NATO ölkələrinin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsinə imkan verməyəcək. Onun sözlərinə görə, alyans qoşunlarının Ukrayna torpağında olması Rusiya üçün təhdid təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti