Britaniyanın müdafiə üzrə dövlət naziri Bakıda bir sıra görüşlər keçirib

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 21:14
Britaniyanın müdafiə üzrə dövlət naziri Bakıda bir sıra görüşlər keçirib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Səfirlik nazirin səfərinin ölkələr arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə baş tutduğunu açıqlayıb. Məlumatda bildirilir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq Böyük Britaniya–Azərbaycan strateji tərəfdaşlığının əsas sütunlarından biri olacaq və regional sabitlik və uzunmüddətli sülhün əhəmiyyətinə dair ortaq anlayışı əks etdirəcək. Artan təhdidlər fonunda ölkələr ortaq strateji maraqlar üzrə birgə işləməyə davam edəcəklər.

Qeyd olunur ki, Böyük Britaniya və Azərbaycan Cənubi Qafqazda sülh, sabitlik və rifah üçün ortaq məqsəd üzərində birlikdə çalışırlar. Bu məqsədə dəstək olaraq müdafiə üzrə dövlət naziri 2022-ci ildən bəri ilk dəfə Azərbaycana səfər edib.

Səfər zamanı Lord Koaker Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə ikitərəfli görüşlər keçirib və Böyük Britaniya–Azərbaycan müdafiə və təhlükəsizlik tərəfdaşlığının inkişafı üçün əlavə imkanları araşdırıb.

Lord Koaker, həmçinin Azərbaycan Ordusunun Təlim və Təhsil Mərkəzində keçirilən Britaniya Hərbi Məsləhət və Təlim Qrupunun "Təlimçi hazırlığı" kursunun məzuniyyət mərasimində iştirak edib. Dörd həftəlik intensiv kursun iştirakçıları Britaniya və Çexiya təlimçiləri tərəfindən Böyük Britaniyanın "Müdafiə təlimi" yanaşmasına uyğun şəkildə təlim keçilib və mentorluq edilib.

Lord Koaker, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, Birinci Dünya müharibəsi illərində Bakıda həlak olan Britaniya və Birlik əsgərlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub.

Səfər ikitərəfli münasibətlərdə mühüm inkişaflardan sonra müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirir. Bu inkişaflara 2025-ci ilin avqustunda münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyəti daxildir. Müdafiə əməkdaşlığı bu tərəfdaşlığın əsas sütunu olacaq və regional təhlükəsizlik və strateji sabitliyə ortaq sadiqliyi əks etdirəcək.

Böyük Britaniya mart ayında Azərbaycanda ilk Rezident hərbi attaşesini təyin edib. Oktyabrda Böyük Britaniya, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvinə uyğun olaraq, Azərbaycan və Ermənistana tətbiq olunan silah embarqosunu aradan qaldırıb. Hər iki ölkə 2025-ci ilin oktyabrında Londonda indiyədək ən iddialı ikitərəfli müdafiə əməkdaşlığı proqramını imzalayıb.

"Ölkələrimizin üzləşdiyi təhdidlər artdıqca, bizim kimi etimad və hörmət üzərində qurulmuş tərəfdaşlıqlar daha da vacib olur. Cənubi Qafqazda sülh və rifahı dəstəkləmək üçün Azərbaycanla işləməkdən məmnunam və qarşıdakı aylar və illərdə əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirəm", - Lord Koaker səfərlə bağlı bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti