Ramil Həsən: TÜRKPA-nın inkişafı üçün əlimizdən gələni edəcəyik
- 15 oktyabr, 2025
- 10:36

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni Baş katibi Ramil Həsən qurumun daha da irəliyə aparılması üçün əllərindən gələni edəcəklərini bildirib.
"Report" xəbər verir ki, o, oktyabrın 15-də səlahiyyətlərinin icrasına başlaması münasibətilə keçirilən tədbirdə TÜRKPA ölkələri üçün yeni bir səhifə açmağın mənəvi borcları olduğunu söyləyib.
"Biz ortaq ailəmiz olan Türk dünyasının parlament dayağı olaraq TÜRKPA-nın daha da irəli aparılması üçün əlimizdən gələni edəcəyik. TÜRKPA ölkələri üçün yeni bir səhifə açmaq mənəvi borcumuzdur. Bu, Prezident İlham Əliyevin mənə göstərdiyi böyük etimaddır. İnşallah, bu etimadı doğruldacağıq. Bundan sonra Baş katib kimi türk dövlətlərinin hər birinin haqlarını bərabər səviyyədə qorumaq mənim borcumdur", - R.Həsən qeyd edib.
Baş katib, həmçinin Özbəkistanın da yaxın vaxtlarda TÜRKPA-nın sıralarına qoşulacağına ümid bəslədiklərini vurğulayıb:
"Ümidvarıq ki, Özbəkistan da tezliklə sıralarımıza qatılacaq və daha da güclənəcəyik".