"Neftçi" İK-nın baş məşqçisi: "Daha böyük zirvələrə yüksəlmək istəyirik"

Futbol
  • 15 oktyabr, 2025
  • 16:35
Neftçi İK-nın baş məşqçisi: Daha böyük zirvələrə yüksəlmək istəyirik

Futzal üzrə Azərbaycan Yüksək Liqasının V turunda "Araz-Naxçıvan"ı 5:4 hesabı ilə məğlub edən "Neftçi" İK daha böyük zirvələrə yüksəlmək arzusundadır.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Fuad Rzayev deyib.

Mütəxəssis komandanı sıfırdan topladığını söyləyib:

"Araz-Naxçıvan" illərin çempionudur. İlk hissədə hesabda 0:2 geridə idik. İkinci hissədə geridönüş edib 5 qol vurduq. Çempionat yeni başlayıb, çətin olacağını başa düşürük. Çünki "Neftçi" İK-nı demək olar sıfırdan yığmışıq. Ötənilki komandadan cəmi bir neçə futzalçı qalmışdı. Çalışacağıq ki, mövsümün sonuna qədər liderliyi qoruyub saxlayaq".

F.Rzayev rəhbərliyin etimadını doğrultmağa çalışacaqlarını söyləyib:

"Bu il hədəflərimiz yüksək yerlər tutmaq, həmçinin Azərbaycan Kubokunun qalibi olmaqdır. Rəhbərliyin etimadını doğrultmaq və gözəl nəticələr əldə etmək istəyirik. Qarşıda bizi daha güclü oyunların gözlədiyini, xüsusən də "Araz-Naxçıvan"a qarşı matçların çətin keçəcəyini anlayırıq. Heyətlərində 8 əcnəbi futzalçı yer alıb. Hələ qarşıda üç dövrə var. Ümid edirəm ki, uşaqların əziyyəti yerdə qalmaz və çempionluq arzusunu reallaşdırarıq. Bu komanda ilə daha böyük zirvələrə yüksəlmək, yerli futzalçıları milliyə qazandırmaq istəyirik".

Qeyd edək ki, "Neftçi" İK Yüksək Liqanın turnir cədvəlinə 13 xalla başçılıq edir. "Baku Fire" (11 xal) ikinci, "Araz-Naxçıvan" (10 xal) isə üçüncüdür.

Son xəbərlər

Bütün Xəbər Lenti